×
A
A
A
Sazlamalar

Deputat: Qanlı Yanvar hadisələri Azərbaycanda Zəfərə gedən yolun başlanğıcı oldu

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olaraq Azərbaycan tarixinə şanlı səhifə kimi yazılıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat xalqımızın hər zaman müstəqil, azad dövlət qurmaq uğrunda mübarizə apardığını, bu yolda qurbanlar versə də, düşmənə heç vaxt boyun əymədiyini bildirib. Köləliyə boyun əyməyən Azərbaycan xalqının 1990-cı ildə SSRİ rəhbərliyi tərəfindən cəzalandırılması planından və onun nəticələrindən danışan K.Əliyeva deyib: “1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Ermənistanın ərazi iddiası ilə başlayan hadisələr, meydan hərəkatı sovet rəhbərliyini qorxuya saldı. Nəticədə SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq qərarına gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun əmri ilə Bakıya və respublikamızın digər rayonlarına ordu yeridildi. Xalqa fövqəladə vəziyyətin elan olunması barədə xəbərdarlıq belə edilmədi. Dinc əhali ağır hərbi texnikalardan və avtomatlardan atəşə tutularaq qətlə yetirildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızlıqla qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirildi.
Neftçala rayonunda və Lənkəran şəhərində də dinc əhali gülləbaran edildi. Bir sözlə, yanvarın 20-də Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi, dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi. Gözünü qan tutmuş sovet əsgərləri qocalara, qadınlara, uşaqlara rəhm etmirdilər”.
Azərbaycanda törədilən 20 Yanvar qətliamının dünyada ən qatı cinayətlərindən biri olduğunu xatırladan deputat bildirib ki, dünyada sülhün, xalqların təhlükəsizliyinin müdafiəçisi kimi qələmə verilən sovet ordusu öz ölkəsinin dinc əhalisinə divan tutmaqla, onu qətlə yetirməklə, əslində, SSRİ rəhbərliyinin də, onun ordusunun da qatil olduqlarını sübuta yetirdi. Dəhşətli faktlardan biri də o oldu ki, 1990-cı il iyulun 20-də SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması barədə qərar çıxartdı.
“Qanlı Yanvar hadisələri azərbaycanlıların milli kimliyinin formalaşmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. Bu hadisələrdən sonra xalqımız daha bir acı gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi alət kimi istifadə edən AXC-nin iç üzü açıldı. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi barədə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra özlərində cürət tapıb bu qanlı faciəyə siyasi qiymətin verilməsinə cəhd belə göstərmədi.
Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən isə məhz Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da Milli Məclisdə "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında" Qərar qəbul edildi.
Dövlətimiz 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət yetirir. Şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Prezidenti “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Bu təqaüdlərin miqdarı mütəmadi olaraq artırılır”, - deyə deputat qeyd edib.
Kamilə Əliyeva sonda vurğulayıb ki, Azərbaycan dövləti və xalqı ölkəmizin azadlığı uğrunda öz canını qurban etmiş insanları heç vaxt unutmayacaq.

20 yanvar 2024-01-20 18:31:00