×
A
A
A
Sazlamalar

“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin ildönümünü bir sıra tədbirlərlə qeyd edib

Bakı, 20 yanvar, AZƏRTAC

Silsilə tədbirlər çərçivəsində təşkilatın idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və qürurla anılıb. Vətənimizin ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş, xalqımızın azadlığını hər şeydən uca tutan qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.
“Böyük Qayıdış” Gənclər Təşkilatından AZƏRTAC-a bildiriblər ki, faciənin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində "20 Yanvar xatirələri - faciə şahidlərinin gözü ilə" adlı növbəti tədbir 1 nömrəli Bakı Tibb Kollecində təşkil olunub. Tədbirdə faciə şahidləri Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, o tarixi günlərin əsas fotoçəkilişlərinin müəlliflərindən biri Rauf Umudov və 20 Yanvar əlili Gülağa Şərifzadə iştirak ediblər. Qonaqlar 20 Yanvar hadisələri haqqında öz xatirələrini gənclərlə bölüşüb və onları maraqlandıran sualları cavablandırıblar.
"Qanlı Yanvar"ın tarixi, mənəvi və siyasi aspektləri gənclərin diqqətinə çatdırılıb, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, öz suverenliyi uğrunda sarsılmaz mübarizəsi yüksək qiymətləndirilib. Bildirilib ki, 20 Yanvar tariximizə yalnız faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, onun iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Heç şübhəsiz, dünya ictimaiyyəti Azərbaycan xalqının mübarizə əzminin təntənəsinə 44 günlük Vətən müharibəsində bir daha şahid olub. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdiriblər.
Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

20 yanvar 2024-01-20 17:29:00