×
A
A
A
Sazlamalar

Qazi: 20 Yanvar hadisələri zamanı 10 yaşım olsa da hər şeyi bugünkü kimi xatırlayıram

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar hadisələri baş verəndə 10 yaşım var idi. Hər şeyi bugünkü kimi xatırlayıram. Qohumlardan, tanışlardan da həmin hadisələrin iştirakçıları, qurbanları var. Atamla birlikdə Sumqayıtdan hadisənin baş verdiyi ərazilərə gəldim. Bakı küçələri qan gölünə dönmüşdü. Bakı-Sumqayıt yolunda içində ziyalıların olduğu maşının üstündən tankla keçmişdilər. O görüntüləri hələ də xatırlayıram. Silahsız insanlara qarşı törədilən vəhşilik yaddaşımda dərin iz buraxıb. Bir yandan da xalqımızın sınmayaraq, qorxmayaraq tanklara, gözü dönmüş imperiya əsgərlərinə qarşı müqavimət göstərməsini qürurla xatırlayıram. Bu gün böyük fəxarət və dərin hüznlə yad etdiyimiz qəhrəmanlarımız müstəqilliyimizin qığılcımlarını yaratdılar. İtkilərə, qətliama rəğmən xalqımız sonacan dirəndi və 70 illik əsarət zəncirlərini qırmağa nail oldu.
Bunu AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarətə gələn Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Şərbət Mahmudov deyib.
Ş.Mahmudov bildirib ki, onun hərbçi olmasında elə uşaq vaxtı şahidi olduğu qanlı hadisələrin böyük rolu olub: "20 Yanvar faciəsi, iki il sonra Xocalı soyqırımının törədilməsi, düşmənlərin torpaqlarımızı işğal etməsi, uşaqlara, qadınlara, qocalara, dinc əhaliyə qarşı edilən vəhşiliklər, yurd-yuvalarından didərgin düşən insanların yaşadığı çətinliklər içimdə düşmənə qarşı nifrət oyatdı. Bundan başqa, Birinci Qarabağ müharibəsində çətin şəraitdə dastan yazan qəhrəmanlardan güc alaraq hərbçi olmağa qərar verdim. Bir hərbçi kimi ən böyük sınağım Vətən müharibəsi oldu. 44 günlük haqq savaşımızda Cəbrayıl rayonu, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Şuşada yaralansam da, sonacan savaş meydanından çıxmadım. Uşaqlıqdan içimdə toplanan qisas, nifrət hisslərini düşmənlə mübarizəyə də yansıtdım. Çox şükür ki, 30 ilin intiqamını 44 gündə ala bildik. Ötən il isə 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam olaraq bərpa olundu. Bu gün biz şəhidlərimizi, müstəqilliyimizin memarlarını bütöv Azərbaycan olaraq üzüağ, başı dik şəkildə ziyarət edirik. Əminəm ki, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən bütün qəhrəmanların ruhu şaddır. 20 Yanvar hadisələri bizə onu öyrətdi ki, əzmin, iradən, cəsarətin varsa, silahsız da döyüşə, Ana Vətənin hər qarışı naminə tanklara, ağır artilleriyaya da sipər ola və sonunda Qələbə qazana bilərsən".

20 yanvar 2024-01-20 17:27:00