Qanlı Yanvar xalqımızın yaddaşına qəhrəmanlıq nümunəsi kimi əbədi həkk olub
Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
İllər ötdükcə xalqımızın yaddaşına qəhrəmanlıq nümunəsi kimi əbədi həkk olunan Qanlı Yanvar qurbanlarının xatirəsi sönmür, unudulmur. Yanvarın 20-si Qanlı Yanvar faciəsindən 34 il ötür. Ümumxalq Hüzn Günü münasibətlə Sumqayıtda “Şəhidlər xiyabanı” memorial kompleksində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, qazilər səhər saatlarında kompleksi ziyarət ediblər.
Şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, üzərinə qərənfillər düzüblər.
Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verilib.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
Həmçinin 1990-cı ilin yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometri ərazisində avtomobillə hərəkət edən zamanı şəhid olmuş sumqayıtlı alimlər - İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib