×
A
A
A
Sazlamalar

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Paris, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyin birgə təşkilatçılığı ilə Parisdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-dakı daimi nümayəndəmiz Elman Abdullayev, Fransadakı diplomatlarımız Sən-Klu qəbiristanlığına gələrək, Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin Versal Sülh konfransında iştirak etmiş nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov, nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəyovun qəbirlərini ziyarət edib və əklil qoyublar. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələr xatırlanaraq, Azərbaycan xalqının milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışılıb. 20 Yanvar gününün xalqımızın yaddaşına həm hüzn və qürur, həm də milli azadlığın oyanış günü kimi həkk olunduğu vurğulanıb. Bildirilib ki, 20 Yanvar çağdaş tariximizin qanlı faciə və şanlı mübarizə səhifəsidir.
Keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi cinayətin beynəlxalq aləmə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışılıb. Bu faciəyə ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub və 20 Yanvar, eləcə də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
Müasir müstəqil Azərbaycanın bu gün yalnız bölgədə deyil, dünyada sülh, təhlükəsizlik və əmin-amanlığın təmin olunmasına töhfə verdiyi və beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş olaraq qəbul edildiyi diqqətə çatdırılıb.

20 yanvar 2024-01-20 04:10:00