×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Sankt-Peterburq, 19 yanvar, AZƏRTAC

Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən birgə təşkil edilib.
Baş konsul Sultan Qasımov çıxış edərək, o qanlı gecədə baş verən hadisələrdən danışıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə açıq şəkildə etirazını bildirdiyini, faciəyə məhz Ulu Öndərin təşəbbüsü sayəsində siyasi-hüquqi qiymət verildiyini qeyd edib.
Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyətinin başçısı Vaqif Məmişov, öz növbəsində, 20 Yanvar hadisələrinin dünya miqyasında obyektiv qiymətini almasının vacibliyini vurğulayıb.
Çıxış edənlər 20 Yanvar qurbanlarının xatirəsinin Azərbaycan xalqının yaddaşında həmişəlik qalacağını bildiriblər.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbir çərçivəsində Qara Yanvara həsr edilmiş fotosərgi təşkil olunub, sənədli film nümayiş etdirilib. Baş konsulluqda 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət sərgi də açılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq

20 yanvar 2024-01-19 21:34:00