×
A
A
A
Sazlamalar

Litvada Bakıda və Vilnüsdə yanvar hadisələri ilə bağlı fotosərgi təşkil olunub

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Litvanın Veyseyay şəhərindəki Mədəniyyət evində “Azərbaycan və Litva müstəqillik yolunda: 1990-cı və 1991-ci illərdə Bakıda və Vilnüsdə Yanvar hadisələri” adlı fotosərgi təşkil olunub. Tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Veyseyay şəhər bələdiyyəsinin və ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, fotosərgi ilə tanışlıqdan sonra Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirilib, 1990-cı və 1991-ci illərdə sovet ordusunun Bakı və Vilnüs şəhərlərində törətdiyi qanlı cinayət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Litvadakı səfirliyinin müşaviri Cavanşir Məcidov 34 il əvvəl - 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin və silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən danışaraq azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin vəhşicəsinə gülləbaran edildiyini bildirib. Qanlı qırğın nəticəsində 130-dan çox günahsız insanın qətlə yetirildiyini deyən C.Məcidov 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsində şərəf yer tutduğunu, xalqımızın göstərdiyi şücaətin sovet rejiminin və totalitarizminin dağılmasına zəmin yaratdığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə sərt etirazını bildirdiyini, bu faciəyə müstəqil Azərbaycanda məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
C.Məcidov sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda və 1991-ci il yanvarın 13-də Vilnüsdə törətdiyi qırğınların Azərbaycan və Litvanın müasir tarixlərində ümumxalq hüzn günləri kimi yadda qalmasına baxmayaraq, azadlıq və müstəqilliyə qovuşmağa can atan iki xalqın mübariz ruhunun təcəssümü olduğunu qeyd edib. O, sərginin təşkilində göstərilən dəstəyə görə Veyseyay şəhər bələdiyyəsinə və Mədəniyyət evinin rəhbərliyinə təşəkkürünü bildirib.
Xocalı faciəsinin şahidi olmuş litvalı hərbi jurnalist, “Sonsuz dəhliz” sənədli filminin müəllifi Riçardas Lapaytis və Veyseyay bələdiyyəsinin rəhbəri Zenonas Sabaliauskas çıxışlarında Litva xalqının azadlıq mübarizəsindən danışıb, Bakı və Vilnüs qırğınlarının törədilməsi əmrini verən sovet rəhbərliyinin cinayətlərini sərt şəkildə pisləyib, iki xalqın yaşadığı oxşar hadisələrə həsr olunmuş sərginin təşkilinə görə Azərbaycanın Litvadakı səfirliyinə minnətdarlıqlarını ifadə ediblər.
R.Lapaytis 1992-ci ilin fevralında Xocalıda şahidi olduğu erməni vəhşiliklərindən, Birinci və İkinci Qarabağ müharibələri, sonrakı dövrdə bölgəyə səfərləri zamanı üzləşdiyi mənzərənin dəhşətlərindən danışıb, çəkdiyi fotoşəkillər haqqında ətraflı məlumat verib.
Sərgi Veyseyay məktəblilərinin ifasında musiqili kompozisiya ilə davam edib.

20 yanvar 2024-01-19 19:55:00