×
A
A
A
Sazlamalar

Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 1990-cı il yanvarın 20-də Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayət haqqında məlumat verib. Bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə milli azadlıq hərəkatının təməlini qoydular, milli şərəf və ləyaqət, vətənpərvərlik örnəyi oldular. 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edərək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirdi, qanlı faciəni pislədi.
Diqqətə çatdırılıb ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı Qərar qəbul etdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professoru Leyla Quliyeva “Azər Rzayevin - “Bakı - 90” simfoniyası haqqında”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlarının yaradıcılığında Şəhidlər mövzusu” adlı məruzə ilə çıxış ediblər.
Tədbirdə, həmçinin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş unudulmaz bəstəkarımız Azər Rzayevin “Bakı - 90” simfoniyasının DVD lent yazısı nümayiş olunub, Sevda Məmmədlinin yeni “Memories” - piano üçün pyesi müəllif tərəfindən səsləndirilib.

 

20 yanvar 2024-01-19 19:03:00