×
A
A
A
Sazlamalar

Stokholmda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Stokholm, 19 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin qarşısında anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov bu günün xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Diplomat xatırladıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev faciədən dərhal sonra - yanvarın 21-də öz həyatını təhlükə qarşısında qoyaraq ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu qanlı cinayətə sərt şəkildə etirazını bildirib. Sonrakı illərdə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, bu tarix Ümumxalq Hüzn Günü elan olunub.
Səfir vurğulayıb ki, anım tədbirinin Stokholmun mərkəzində yerləşən “Zorakılığa qarşı” abidəsinin önündə baş tutması rəmzi məna kəsb edir. Bu, xalqımızın hər zaman sülhpərvər olmasına dəlalət edir. Tarixi Qələbə nəticəsində suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan öz qonşuları ilə dinc və mehriban şəraitdə yaşamağa önəm verir.
Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub, abidənin önünə əklil qoyulub.

20 yanvar 2024-01-19 18:57:00