×
A
A
A
Sazlamalar

20 Yanvar – milli iradəmizin zəfər çaldığı gün

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan “20 Yanvar - Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini çağdaş tariximizin qanlı faciə və şanlı mübarizə səhifəsi adlandıran rektor Ümummilli Lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb. O, bunun son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğunu, 20 Yanvar faciəsinin ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan gülləyə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.
Tədbirdə universitetin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. O bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.
ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib.

20 yanvar 2024-01-19 18:09:00