×
A
A
A
Sazlamalar

Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun baş direktoru akademik Arif Həşimov qeyd edib ki, 20 Yanvar hadisələri zamanı informasiya qıtlığı var idi, məlumatlar senzuradan keçdikdən sonra televiziya kanallarına ötürülürdü. O, yalnız Bakıda deyil, Azərbaycanın bütün yerlərində hərbi hissələrin olduğunu və onların təhlükə mənbəyi olduğunu vurğulayıb. Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınamış, ifşaedici və cəsarətli bəyanat vermişdi. O, 20 Yanvar hadisələrinə əsl siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb.
Fizika-riyaziyyat elmləri doktoru professor Adilə Abbasova canlı şahidi olduğu hadisələrdən danışıb. O, həmin dövrdə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında yığışmasından, Ulu Öndərin nümayəndəliyə gəlişindən bəhs edib. Professor Ümummilli Lider Heydər Əliyevin çıxışı zamanı bu hadisəni xalqa qarşı cinayət adlandırdığını, səbəbkarlarının aşkar edilməsinin vacib olduğunu vurğulayıb. A.Abbasova Moskvada yaşayan azərbaycanlıların etiraz etmək üçün gördükləri işlərdən danışıb.
Digər çıxış edənlər də bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıblar.

20 yanvar 2024-01-19 17:57:00