×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri dosent İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri Şəhla Mirzəzadə və Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin baş inspektoru Minarə Qafarova iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları 1990-cı il 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb: “Həmin gecə yüzlərlə gəncin arzuları puç oldu, heç kimə rəhm edilmədi, uşaqlar, yaşlı insanlar qanlarına qəltan edildi... Onlar Vətən, torpaq uğrunda canlarından keçdilər, ölümsüzlüyə qovuşdular, şəhidlik zirvəsinə ucaldılar”.
İdarə rəisi Ceyhun Məmmədov qeyd edib ki, məhz belə bir ağır şəraitdə Ümummilli Lider Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Ulu Öndər yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etmiş, bu ağır günlərdə doğma xalqı ilə birgə olduğunu bildirmişdi. Heydər Əliyev çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, əliyalın insanların qətlə yetirilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etmişdir. Ulu Öndər bu ağır gündə Azərbaycan xalqını həmrəyliyə və birliyə çağırmışdır.
Lakin həmin cinayət Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədi. Bu qırğın nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxmağı bacardı. Həmin gecə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün bütün şəhidlərimizin qisası alınıb. Azərbaycanın rəşadətli Ordusu torpaqlarımızı işğaldan azad edib, Qarabağ öz tarixi Vətəninə qovuşub.
Daha sonra Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədyini dönə-dönə qeyd edib, şəhidlik zirvəsinə yüksələn oğullarımızın, xalqımızın yenilməzliyi və qəhrəmanlığı barədə, eləcə də 20 Yanvar günü ilə bağlı öz xatirələrini bölüşüblər.
20 Yanvar hadisələrinin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu qeyd olunub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.
Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri Şəhla Mirzəzadə çıxış edərək 20 Yanvar günü qəhrəmanlıq göstərən gənclərimiz barədə danışıb.
Tədbir iştirakçıları bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

 

20 yanvar 2024-01-19 17:32:00