×
A
A
A
Sazlamalar

Azərbaycan Hərb Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş seminar təşkil edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Hərb Tarixi Muzeyində “Qanlı 20 Yanvar faciəsi” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin arxiv-fond və ekspozisiya üzrə rəis müavini Tələt Qarayev Azərbaycan tarixinə əbədi həkk olunmuş 20 Yanvar faciəsindən danışıb. Bildirib ki, həmin hadisə əslində Azərbaycan cəmiyyətinin müstəqillik uğrunda mübarizəsinin, irticaçı qüvvələrə qəzəb və nifrətinin ifadəsidir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həmçinin xalqımızın istiqlal yolunda aldığı önəmli addım, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləboran edilməsi əməliyyatı SSRİ Müdafiə, Daxili İşlər nazirlikləri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu.
“Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə layiqli qiymət verilib. Dövlətimizin başçısının 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi Milli Məclisə tövsiyə olunub. Parlamentdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunub”, - deyə Tələt Qarayev vurğulayıb.
Daha sonra tədbirdə 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş olunub.

20 yanvar 2024-01-19 17:27:00