×
A
A
A
Sazlamalar

Fatma Yıldırım: 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini bütün dünyaya göstərdi

Bakı, 19 yanvar, AZƏRTAC

Tariximizə Qanlı Yanvar kimi daxil olmuş bu hadisə Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. 20 Yanvar faciəsi Azərbaycan tarixinə, eyni zamanda, həm ümumxalq faciəsi, həm də xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi daxil olub”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım AZƏRTAC-a açıqlamasında deyib.
Deputat qeyd edib ki, həmin dövrdə sovet rəhbərliyi davam edən gərginliyin, erməni təxribatlarının qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. Xalqımızın etiraz səsini, respublikamızın suverenliyi və azadlığı uğrunda mübarizəsini boğmaq üçün 1990-cı il yanvarın 20-də dinc insanların üzərinə ordu yeridildi, günahsız mülki vətəndaşlarımız qırğına məruz qaldılar. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti fakt oldu. Bu, eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəklədiyinə dəlalət edirdi. Bu qanlı cinayət xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
F.Yıldırım vurğulayıb ki, Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərən 20 Yanvar faciəsi dövlət müstəqilliyinin bərpası istiqamətində əhəmiyyətli hadisədir. 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinə qarşı əməl kimi qiymətləndirdi. Ulu Öndər Heydər Əliyev bu cəsur hərəkəti ilə ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.
20 Yanvar faciəsinin Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisi olduğunu vurğulayan F.Yıldırım xalqımızın hər il faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyini qeyd edib. Bildirib ki, bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü.
Ölkəmizdə həssas kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və ardıcıl addımlar atıldığını bildirən deputat onların sırasında 20 Yanvar faciəsi qurbanlarının ailələrinin də olduğunu qeyd edib. “Bu gün artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub”, - deyə Fatma Yıldırım bildirib.

20 yanvar 2024-01-19 17:20:00