×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın Livandakı səfirliyində anılıb

Livan, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyində anım tədbiri təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsində mühüm yer tutduğu qeyd edilib, bu faciənin həm də Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb.
Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğu, məhz bu tarixdən qısa müddət sonra ölkəmizin müstəqilliyini bərpa etdiyi bildirilib. Böyük təzyiq və çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev həmin dövrdə nümayiş etdirdiyi siyasi iradədən söz açılıb, SSRİ rəhbərliyi tərəfindən törədilən bu qanlı faciəyə ilk dəfə məhz Ulu Öndərin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.
Anım tədbirində, həmçinin müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və postmünaqişə mərhələsində atılan addımlardan da danışılıb. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Çünki 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

20 yanvar 2024-01-19 16:53:00