×
A
A
A
Sazlamalar

Cənubi Koreyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Pekin, 19 yanvar, AZƏRTAC

Cənubi Koreyada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən anım tədbirində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Ramin Həsənov 20 Yanvarın Ümumxalq Hüzn Günü ilə yanaşı, həm də Azərbaycanın müasir tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. O, 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində yeri və rolundan danışıb.
Diplomat Cənubi Koreyanın media təmsilçiləri üçün 20 Yanvar faciəsi barədə brifinq verib. O, koreyalı jurnalistləri 20 Yanvar hadisələrinin mahiyyəti barədə məlumatlandırıb, bu faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. Qeyd edib ki, cinayətin törədilməsi göstərişini verən Sovet İttifaqı rəhbərliyi Azərbaycan xalqının azadlığı və hüquqları uğrunda mübarizəsini boğmaq məqsədini güdüb.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü 20 Yanvar hadisələri barədə dünya ictimaiyyətinə məlumat verib və bu hadisənin günahkarlarını ən sərt şəkildə pisləyib.
Səfir sovet hakimiyyətinin törətdiyi qanlı cinayətin xalqımızın azadlıq iradəsini qıra bilmədiyini, əksinə, bu hadisənin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

20 yanvar 2024-01-19 16:51:00