×
A
A
A
Sazlamalar

Mərakeşin İbn Tofail Universitetində 20 Yanvar faciəsi ilə bağlı təqdimat keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC
Mərakeşin Kenitra şəhərində yerləşən İbn Tofail Universitetində 20 Yanvar faciəsi ilə bağlı təqdimat keçirilib.
Ölkəmin Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Universitet rəhbərliyinin, habelə tələbə-müəllim heyətinin qatıldığı tədbirdə səfir Nazim Səmədov iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, sovet rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qırmızı ordunun Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin müxtəlif şəhərlərində mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar olmaqla, 150 dinc sakin öldürülüb, 700-dən çox insanın ağır yaralanıb. 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyi və bu günün tariximizə Qara Yanvar kimi daxil olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, 20 Yanvar faciəsinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi və ölkəmizin müstəqilliyinin bərpası prosesində dönüş nöqtəsi olduğu vurğulanıb. Bu faciəli gündən 34 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqi qiymət verilməyən ən dəhşətli cinayətlərdən olduğunu vurğulayan diplomat bu qətliama görə birbaşa keçmiş Sovet İttifaqının rəhbərlərinin məsuliyyət daşıdığını bildirib, bu cinayəti törədənlərin cəzalandırılmalı olduğunu diqqət çatdırıb.
Səfir, həmçinin Azərbaycanın xarici və daxili siyasəti, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, postmünaqişə dövrü və digər məsələlərə toxunub, bölgədə cari vəziyyət, Azərbaycan-Mərakeş münasibətlərinə dair sualları cavablandırıb.
Təqdimatda 200-ə yaxın tələbə və müəllim heyəti iştirak edib.
Qeyd edək ki, 1989-cu ildə əsası qoyulan, 120 min nəfərdən çox tələbəsi və 800 nəfərə yaxın müəllim-professor heyətinə malik olan İbn Tofail Universiteti Mərakeşin ən iri və nüfuzlu ali təhsil ocaqlarından biri sayılır.

20 yanvar 2024-01-18 23:07:00