×
A
A
A
Sazlamalar

Məhəmməd Ben Sulayem: Formula 1-in CAR-a qayıtması mühüm hadisəyə çevriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem hesab edir ki, Afrika ölkələri avtomobil idmanının inkişafına böyük diqqət ayırmalıdır, həm də bu qitəyə qayıtmaq Formula 1-in planlarında yer alıb.
AZƏRTAC “f1news.ru” saytına istinadla xəbər verir ki, sonuncu Cənubi Afrika Respublikası (CAR) Qran-Prisi 30 il bundan əvvəl, 1993-cü ilin martında təşkil olunub. İndi bu yürüşü bərpa etmək istiqamətində addımlar atılır, lakin hələ ki, nailiyyət əldə olunmayıb, o cümlədən 2025-ci illə bağlı vəziyyət bu baxımdan tamamilə qeyri-müəyyəndir.
“Afrikada bizim çox gözəl əlaqələrimiz var. Bu qitəyə daha çox diqqət ayırmaq lazımdır. Orada yaxşı vitse-prezidentimiz var, biz yerli Afrika avtomobil klublarına dəstək göstəririk. Biz bəzi regionlarda ən ilkin, baza əsaslı yürüş seriyalarından başlayırıq. Bu cür proqramları hətta “qutudan avtomobil idmanı” adlandırırıq. Bu “qutu”nu siz FIA-dan alırsınız, onu içində ən sadə avadanlıqlar, o cümlədən xronometrajın təşkili üçün avadanlıq və telefonlar var. Siz artıq ən azından sürət üzrə yürüşlər təşkil edə bilərsiniz. Əgər biz Afrikada avtomobil idmanının inkişaf etməsini istəyiriksə, o halda “yuxarıdan” heç nə tətbiq edə bilmərik. Mən əmr verə bilmərəm, təşəbbüs aşağıdan gəlməlidir, təməldən başlamaq lazımdır.
Lakin Cənubi Afrikada milli avtomobil idmanı zəngin tarixə malikdir, ötən il Formula 1 mərhələsinin Kyalami avtodromuna mümkün qayıdışı mövzusunda müntəzəm danışıqlar aparılıb. Bu, Afrika üçün mühüm hadisə ola bilərdi. Biz, həmçinin Afrikanın iştirak edə biləcəyi elektrik seriyasının təşkili barədə də düşünürük, bu da pis olmazdı”, - deyə FIA prezidenti Avstriyanın “Motosport-Magazin” nəşrinə müsahibəsində bildirib.

İdman 2024-01-15 12:32:00