Roma tətilləri: şopinq xüsusiyyətləri
Bakı, 29 noyabr, AZƏRTAC
Roma şəhərinin İtaliyanın şopinq-turizm mərkəzlərindən biridir. Səyahətçilər onun bütün dünyada məşhur olan saysız-hesabsız mağaza və butiklərinə baş çəkməyi sevirlər, amma bəziləri kiçik emalatxanalarda istehsal edilən və yerli mədəniyyət haqqında təsəvvür yaradan məmulatları almağa üstünlük verirlər. Əbədi şəhərin populyar məkanlarından biri də “Trident” adlanan və tanınmış italyan və beynəlxalq butiklərini cəmləşdiyi üç küçədən ibarət elit rayondur. Puluna qənaət etmək istəyənlər isə bütün ilboyu satışlarda böyük endirimləri olan “Castel Romano” kəndindəki mağazaya yollanırlar.
Bahalı və zəngin
Via dei Kondotti, Via Borqonyona, Via Frattina küçələrindən ibarət olan və İspan pilləkəninin yaxınlığındakı Trident rayonu Romada şopinq üçün ən məşhur məkandır. “Gucci”, “Prada”, “Fendi”, “Ermanno Scervino”, “Giorgio Armani”, “Dolce & Gabbana”, “Burberry”, “Chanel”, “Tiffany”, “Bulgari” və bir çox məşhur brendlər məhz burada yerləşir. İspan pilləkəninin yaxınlığındakı küçələrin demək olar ki, hamısı, o cümlədən Pyazza-del-Popolo meydanına aparan məşhur Via del Babuino mağazalar və ticarət mərkəzləri ilə doludur. Bu küçələrdə sadəcə gəzmək, çox gözəl tərtibatı olan vitrinlərə tamaşa etmək, Romanın ən qədim kafeteriyalarından biri olan “Antico Caffe Greco”da bir fincan qəhvə içmək də yaxşı ideyadır. Yeri gəlmişkən, İtaliyadan qəhvə alıb gətirmək də pis fikir deyil. Tanınmı italyan istehsalçıları olan “Lavazza”, “Segafredo”, “Kimbo”, “Illy” firmalarının qəhvə məhsulları burada dünyanın başqa ölkələrindən daha ucuzdur.
Alberto Sordi Qalereyasında - Romanın mərkəzindəki ticarət pasajında da maraqlı mağazalar tapa bilərsiniz. Qalereyanın fasadı Via del Korso küçəsi tərəfindən Kolonna meydanına çıxır. Yüksək və orta seqmentli mağazaların (“Guess”, “Pinko”, “Zara”, H&M və sairə) vəhdəti alıcıların çox xoşuna gələcək. Qalereyada, həmçinin “La Rinascente” dəbdəbəli italyan univermağı təqdim olunub.
Nəhayət, romalı dizaynerlərin çoxlu sayda kiçik mağazalarının olduğu və yerli sakinlərə daha yaxşı məlum olan Via dey Cubbonari və Via del Qoverno Vekkyu küçələrinin yerləşdiyi Kampo-dei-Fiori meydanının ətrafındakı rayona da baş çəkmək olar. Həmçinin müstəqil dizaynerlərin kolleksiyalarını qiymətləndirənlər möhtəşəm Monti rayonunda yerləşən Via del Bosketto küçəsindəki mağazaları da bəyənəcəklər. Bu məkanın antik əşyaları sevənlərin də ən yaxşı məkanı olması məlumdur.
Maraqlı faktdır ki, İtaliyanın geyim və zərgərlik məmulatları üzrə aparıcı brendləri təkcə butiklər deyil, həm də otellər açırlar! Görünür ki, bu, təmiz italyan məşğuliyyətidir. “Versace”, “Armani”, “Missoni”, “Moschino”, “Bulgari” kimi şirkətlərin də öz otelləri var. “Bulgari” oteli elə Trident rayonunda yerləşir və biz orada qala bilmədik, çünki o, yerli sərvət hesab edilir.
İspan pilləkəninin sirləri və “Bulgari” şokoladı
Romadakı məşhur İspan pilləkənlərini “Bulgari” brendi ilə nəyin birləşdirdiyini bilirsinizmi? İtaliya paytaxtının mərkəzində 1721-1725-ci illərdə tikilmiş bu möhtəşəm pilləkən uzun müddətdir ki, turistlər tərəfindən istirahət yeri kimi istifadə olunurdu. İnsanlar onun yanına toplaşır, pilləkənlərdə oturub piknik edirdilər. Bütün bunlar yerli sakinlər üçün narahatlıq yaratdı və attraksionun özünün görünüşünə yaxşı təsir göstərmədi. 2014-cü ildə Romanın ən məşhur memarlıq abidələrindən biri bərpa üçün bağlandı, bunun üçün vəsait “Bulgari” zərgərlik evi (təxminən 1,5 milyon avro) tərəfindən ayrıldı. 2016-cı ildə yenilənmiş pilləkən yenidən açıldı, lakin o vaxtdan bəri onun üzərində oturmaq qadağan edildi; hüquq-mühafizə orqanlarının əməkdaşları bunu diqqətlə izləyirlər.
2023-cü ildə açılan “Bulgari Hotel” məhz bu pilləkənin yaxınlığında yerləşir və şəhərin bir neçə digər görməli yerləri ilə əhatə olunub. Belə ki, otellə düz üzbəüz olan və eramızdan əvvəl 28-ci ildə tikilmiş qədim Roma imperatoru Avqustun məqbərəsi yerləşir. Onun ətrafında isə XX əsrin birinci yarısında - Mussolini dövründə tikilmiş binalar var. Bu binalardan birində “Bulgari” oteli yerləşir. Onun interyerini görmək üçün qonaq olmaq lazım deyil. İşçilər sizə otaqları, restoranları və hətta az sayda adamların bildiyi unikal şokolad və şirniyyat mağazasını göstərməkdən məmnun olacaqlar.
“Bulgari” otellərinin ümumdünya kolleksiyası 15 il bundan əvvəl Milandakı otellə başlayıb, amma, əlbəttə, hamı İtaliyanın ən çox Romaya məxsus zərgərlik brendinin doğma şəhərdə - paytaxtda otel açmasını səbirsizliklə gözləyirdi. Şirkətin mənzil qərargahı da məhz İtaliya paytaxtında yerləşir. Orijinal “Bulgari” otel konsepsiyası, ilk növbədə, seçilən yerin eksklüzivliyi və cazibədarlığı ilə bağlı çox tələbkar meyarlara malikdir. Romada onun tikiləcəyi yerin axtarılması və təsdiqi çox vaxt aparıb. “Bulgari Evi”, ilk növbədə, zərgərlik məkanıdır, onun böyük bir otellər şəbəkəsinə çevrilmək məqsədi yoxdur və mövcud otelləri yüksək zərgərlik sənətinin unikal əsərləri ilə müqayisə etmək olar.
“Bulgari Hotel Roma” dizaynının işlənib hazırlanması İtaliyanın “ACPV ARCHITECTS Antonio Citterio Patricia Viel” memarlıq bürosuna həvalə edilib və onun memarları binanın estetik ciddiyyətini zəngin tekstur və interyer materiallarının köməyi ilə yumşaldıblar. Əl işi olan mozaik medalyonlar, sifarişlə hazırlanmış parçalar, “Bulgari” motivlərindən ilhamlanan Murano şüşələri və əldə düzəldilmiş işıq qurğuları, 1930-cu illərin “Ginori” orijinal vazaları və Venesiya şüşə məmulatlarının virajları otelin müxtəlif hissələrini bəzəyən unikal elementlərdən yalnız bəziləridir.
Əlbəttə, otellər moda evlərini təsadüfən açmır: orada öz üslublarını və həyat tərzlərini nümayiş etdirir. “Bulgari Evi” məxsusi otellərini açaraq, bərbəzək əşyaları sənayesində pioner olub. Bu otellərdəki bütün əşyalar ən yüksək zövqdən xəbər verir. Məsələn, “Bulgari Spa”da hovuzların üzərində yerləşən və rəngli şüşələrdən ibarət, ətraf məkanı mülayim isti işığa qərq edən mərmər sütunları olan qədim Roma ab-havası yaradılıb. Məşhur Karakalla termal hamamlarının motivləri əsasında yaradılmış bu sakitlik vadisi Almaniyanın “Augustinus Bader” şirkəti tərəfindən hazırlanmış eksklüziv spa prosedurları təklif edir. İmperator Avqustun məqbərəsinə baxan otelin beşinci mərtəbəsində yerləşən “Il Ristorante - Niko Romito” restoranını da qeyd etmək lazımdır. Niko Romito məşhur italyan aşpazıdır. O, üç “Michelin” ulduzunun qalibidir və dünyanın hər yerindəki “Bulgari” otelləri ilə əməkdaşlıq edir. Restoranın menyusuna müasir tərzdə yenidən tərtib edilmiş ənənəvi italyan mətbəxi reseptləri daxildir. Əslində, zərgərlik, saat, aksesuar və ətirlərin tam dizayner çeşidi ilə “Bulgari” brendinin əsas tarixi butiki də “Via dei Condotti”dəki otelin yaxınlığında yerləşir.
Şopinq həvəskarlarının məkanı
Artıq qeyd etdiyimiz kimi, Romada istənilən zövqə və büdcəyə hesablanan çoxlu sayda otellər mövcuddur. Öz təcrübəmizə əsaslanaraq, tanınmış dünya şəbəkələrinin otellərini seçməyi məsləhət görürük. Onların arasında yüksək səviyyədə xidmət göstərən sadə 2 və ya 3 ulduzlu otellər də var. Biz də belə bir otellə - məşhur “Accor” qrupunun portfelindən “Mercure Roma Piazza Bologna” ilə tanış ola bildik. Belə ki, 4 ulduza asanlıqla uyğunlaşdırıla bilən bu 3 ulduzlu otel gözləntilərimizi üstələdi. Bu otel “Bolonya” metrosundan bir addımlıq məsafədə, əlverişli məkanda yerləşməsi ilə yanaşı, təmizliyi, gözə xoş gələn interyeri, yüksək keyfiyyətli yataq dəstləri, hamam və tualet əşyaları ilə bizi sevindirdi. Otaqda təkcə duş yox, həm də hamam, pulsuz çay və qəhvə paketləri olan çaydan, qəhvə kapsul dəsti olan qəhvə maşını və pulsuz sərinləşdirici içkilər olan minibar var idi. Bu cür xidmətlər hər 5 ulduzlu oteldə olmur. Özünü formada saxlamağa üstünlük verənlər üçün otelin birinci mərtəbəsindəki fitnes zalı 24 saat açıqdır. Əlavə etmək olar ki, oteldə səhər yeməyi geniş çeşiddə yerli delikateslərlə bufet formatında verilir.
Biz alış-verişimizi davam etdirəcəyik və bütün ucuz şopinq həvəskarları üçün cəlbedici yerə - “Castel Romano Designer Outlet Village” məkanına yollanacağıq. Burada siz bütün gününüzü 70 faizə qədər endirimlə uyğun məhsulları seçməklə keçirə bilərsiniz. Dizayner satış məntəqəsində 150-dən çox butikdən əlavə (“Michael Kors”, “Adidas”, “Burberry”, “Calvin Klein Jeans”, “Furla” və s.) kafe və restoranlar, uşaq meydançası və pulsuz parkinq var. Romanın mərkəzindən buraya təxminən 30 dəqiqəyə çata bilərsiniz (Termini stansiyasından servislər işləyir). Bu kompleksin dəyəri həm də ondan ibarətdir ki, yaxınlıqda H&M, “New Yorker”, OVS və bir çox digər kütləvi bazar brendlərinin təmsil olunduğu “Castel Romano” adlı böyük ticarət kəndi var.
Alış-verişə aludə olduğunuz zaman geriyə qayıdarkən aviareysdə artıq çəki problemi ilə qarşılaşmamaq üçün baqaj haqqında da düşünmək lazımdır. Biz öz səyahətimizdə İstanbuldan tranzitlə Avropanın müxtəlif şəhərlərinə uçan Türkiyənin “Pegasus Airlines” şirkətini seçdik. Bu loukosterin marşrutlar şəbəkəsinə 49 ölkədə olan 130 istiqamət, o cümlədən İtaliyanın şəhərləri daxildir. Aviaşirkətin beynəlxalq marşrutlarda baqaj norması seçilmiş paketdən asılı olaraq dəyişir. “Basic” paketinə yalnız yüngül əşyalarla səyahət edənlər və artıq ödəniş etmək istəməyənlər üçün çəkisi 8 kiloqrama qədər və ölçüləri 55x40x20 santimetrədək olan əl yükü daxildir. Bundan başqa, 20 kiloqrama qədər çəkisi olan çamadan və bir parça əl baqajı “Essentials”, “Advantage” və “Flex” paketlərinə daxildir. Baqaj normasına çox diqqət yetirməlisiniz, çünki qeydiyyat məntəqələrində buna ciddi şəkildə nəzarət olunur! Bir çox aşağı büdcəli aviaşirkətlərdə adət olduğu kimi, yeməklər bilet qiymətinə daxil deyil, lakin siz onları ayrıca ala bilərsiniz. “Pegasus Cafe” xidməti “Pegasus” Hava Yollarının reyslərində mövcuddur. Menyuda yeməklərin kifayət qədər çeşidli seçimi (məsələn, qızardılmış ət, ravioli, suşi və şnitzel) və pula qənaət etmək üçün çoxlu başqa variantlar var. Kartla ödənilən göyərtə alışlarında 20 faizə qədər endirim edilir. Eyni endirim, www.flypgs.com saytında və ya “Pegasus” mobil tətbiqi vasitəsilə uçuşdan əvvəl 24 saatdan gec olmayaraq əvvəlcədən yemək sifariş etdiyiniz halda mümkündür. Maraqlıdır ki, “Pegasus” donanması getdikcə daha çox yanacaq səmərəliliyi və karbon dioksid emissiyası baxımından sinfində ən yaxşı olan yeni nəsil təyyarələrlə təchiz edilir ki, bu da onları ekoloji cəhətdən daha təmiz edir.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib