×
A
A
A
Sazlamalar

Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO

Bakı, 25 avqust, AZƏRTAС
Çimkənd turizm şirkətinin və “FlyArystan” aviaşirkətinin birgə təşkilatçılığı, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri və blogerlərin iştirakı ilə Qazaxıstanın ən böyük şəhərlərindən biri olan Çimkəndə tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “FlyArystan” Qazaxıstanın aşağı büdcəli, lakin yüksək keyfiyyətli aviaşirkətidir. Aviaşirkət 2019-cu ilin mayında fəaliyyətə başlayıb və həm daxili, həm də beynəlxalq reyslər həyata keçirir.

2 min yaşlı Çimkənd
Bu qədim şəhər ölkənin cənubunda Sayram oazisində yerləşir. Alimlər və arxeoloqlar şəhərin ən azı 2 min yaşı olduğunu deyirlər. Bu gün Çimkənd Qazaxıstanın turizm mərkəzlərindən biri hesab olunur. Ölkənin cənubi hissəsində bir çox turizm marşrutları məhz buradan başlayır. Burada ilin 300 günü isti olur. Şəhərin təkcə havası yox, insanları da isti və qonaqpərvərdirlər.
Turizm İnformasiya Mərkəzinin informasiya təminatı şöbəsinin müdiri Gulnara Bekmuratovanın sözlərinə görə, Çimkəndin özəlliyi ondan ibarətdir ki, biz il boyu turist qəbul edə bilirik, çünki hava isti olur: “Burada yaşayan insanlar da çox həyatsevərdilər və dialoqa açıqdırlar. Biz öz adət-ənənələrimizə çox hörmətlə yanaşırıq. Necə ki nənə-babalarımız qonaq qəbul edib, bu gün də biz o adətlərə sadiq qalırıq. Şəhərimizin 2 min yaşı var. Burada keçmişlə müasir dövr arasında vəhdət yaranır. Bizim çox maraqlı və zəngin milli mətbəximiz var”.
Mavzoleylər məkanı Sayram
Ekskursiyanın başladığı yer qədim məkanlardan biri sayılan Sayram oldu. Sayram zamanında çox dağıdılıb və işğala məruz qalıb. Burada qədim tarixə malik mavzoleylərə rast gəlmək mümkündür. Alimlər Sayramı orta əsrlərə aid olan İsficab şəhərinə uyğun olduğunu bildirirlər. İsficab İpək Yolu üzərində böyük ticarət şəhəri olub. Bu şəhər haqda ilk xatırlatma Çin müəllifi Syuanzanqın coğrafi əsərində yer alıb və 629-cu ilə təsadüf edir.
Bələdçi İslam Kalanov Sayramın qərblə şərqi birləşdirən İpək yolu üzərində olan stansiyalardan biri olduğunu da diqqətə çatdırdı: “Biz İpək yolunun tam mərkəzindəyik. Bura karvansaraylar şəhəri olub və tacirlərin dayandıqları yer olub. Məhz buradan dörd istiqamətə yol gedirdi. Bura, həmçinin VIII əsrdə ərəb xilafətinin qalası olub, inancla mübarizə şəhəri olub. Ona görə də xərac, yəni vergi ödəməyib. Bütün pullar şəhərin inkişafı üçün xərclənib”.
Əhməd Yəsəvinin Vətəni
Sayram şəhəri həm də sufi Xoca Əhməd Yəsəvinin doğulduğu yerdir. Məhz burada Xoca Əhməd Yəsəvinin valideynləri İbrahim ata və Karaşaş ana dəfn olunub. Həmçinin Sayramda memarlıq abidəsi - Əbdül-Əziz-Baba məqbərəsi və IX-XII əsrə aid Xızır Peyğəmbər minarəsi var.
Qazaxların qürur yeri Şımkala
Şımkala Çimkənddə yerləşən tarixi-mədəni kompleksdir. Müasir Çimkənd məhz buradan başlayır. Bura qazaxların qürur yeridir. Bu qədim şəhərin sitadeli Badam və Qoşqar-ata çaylarının arasında yerləşir. Sitadel şəhər sakinlərini zamanında bir çox hücum və işğaldan qoruyub. Bizi tarixlə qovuşduran Şımkalanın ərazisi 4 hektardır.
Yuxarı bazar
Qazaxıstanın ən qədim ticarət məkanlarından biri olan Yuxarı bazarda deyilənə görə, 300 ildən çoxdur ki, insanlar alış-veriş edir. Turistlərin sevdiyi bu məkanda istədiyin hər şeyi tapmaq mümkündür. Bu bazarın digərlərindən fərqi satıcılarının mehriban və gülərüzlü olması ilə seçilməsidir. Yuxarı bazarda azərbaycanlı satıcılar da az deyil.
Deyirlər, yüz eşitməkdənsə, bir dəfə görmək kifayətdir. Bu qədim şəhərlə yaxından tanış olmaq istəsəniz, yolunuzu Çimkənddən salın.


Turizm 2023-08-25 14:40:00

Video