×
A
A
A
Sazlamalar

ÜMT: istilər səngimir, Avropa ölkələrində təhlükənin "qırmızı" səviyyəsi elan edilib

Bakı, 24 avqust, AZƏRTAC

Avropanın böyük hissəsini əhatə edən isti hava dalğası davam edir, İsveçrədə temperatur yeni rekordlara çatır. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
ÜMT-nin sözçüsü Kler Nullis Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, bazar ertəsi günü 5298 metrə çatan yeni donma nöqtəsi rekordu müəyyən edilib. Bu, 2022-ci il iyulun 25-də müəyyən edilmiş əvvəlki rekorddan 115 metr yüksəkdir, həm də 1954-cü ildə ölçmələrin başlamasından bəri rekord göstəricidir.
Təşkilatın sözçüsü qeyd edib ki, donma nöqtəsinin səviyyəsi Payerne şəhərində quraşdırılmış radiozondla ölçülüb. Qar örtüyü hazırda yalnız İsveçrənin ən yüksək dağlarında mövcuddur. "Bu istinin buzlaqlara təsiri gözümüzün qabağındadır", -deyə o əlavə edib.
Nullis vurğulayıb: “Keçən il qarın yoxa çıxma sürəti dramatik idi. Təəssüf ki, son isti hava dalğası ilə bu tendensiya davam edir”. Fransadakı meteoroloqlar 49 departament üçün sarı, dördü üçün qırmızı həyəcan siqnalı veriblər. ÜMT, həmçinin İtaliya, Xorvatiya və Portuqaliyanın bəzi bölgələrində "qırmızı" xəbərdarlıq səviyyəsi elan edildiyi barədə xəbərdarlıq edir.
ÜMT-nin sözçüsü əlavə edib ki, şimal yarımkürəsində meteoroloji yay başa çatmaq üzrə olsa da, isti dalğaların bitdiyini əminliklə söyləmək çətindir. Eyni zamanda, Avropanın bəzi yerlərində, xüsusən Skandinaviyada “qeyri-adi güclü yağıntı” müşahidə olunur. "Bu gün Norveç ölkənin cənub bölgəsində insanların həyatını təhlükə altına alan leysan yağışları səbəbindən yenidən "qırmızı" xəbərdarlıq səviyyəsi elan edib", - deyə o diqqətə çatdırıb.
Jurnalistlərin suallarını cavablandıran Nullis bildirib ki, hazırkı mərhələdə ÜMT-nin ekstremal temperaturlar nəticəsində ölənlərin sayı ilə bağlı dəqiq statistikası yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jašarević bildirib ki, hesabatlara görə, 2022-ci ilin yayında Avropanın 35 ölkəsində 61 mindən çox insan isti hava ilə bağlı səbəblərdən ölüb. Ekstremal hava şəraiti ABŞ-ın mərkəzi və cənub ərazilərinin çox hissəsində davam edir, aran regionlarında və Texasda bir neçə dəfə ifrat isti xəbərdarlığı edilib.
Atlantik okeanında tropik siklonların aktivliyi də artır. Onlardan üçü - “Gert”, “Franklin” və “Harold” xüsusi narahatlıq doğurur. “Franklin” siklonu Haiti və Dominikan Respublikasında daşqınlara səbəb ola bilər. “Harold”un Texasa çox güclü yağışlar gətirəcəyi və daşqın riski də gözlənilir.
Nullis, həmçinin bildirib ki, “Hillari” qasırğası indi səngiyib, lakin Kaliforniyanın cənubuna belə hadisələrin nadir hallarda rast gəlinən hissələrinə çatıb. Los-Ancelesdə faktiki olaraq bütün yağış rekordları qırılıb. “Ölüm Vadisi” 2022-ci ilin avqustunda müəyyən edilmiş 1,70 düyümlük əvvəlki rekordu üstələyərək, 55,88 millimetr yağıntı ilə ən yağışlı gününü qeyd edib.

Ekologiya 2023-08-24 12:19:00