Bu günədək 203 hektar meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib
Bakı, 23 avqust, AZƏRTAC
Respublikanın meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, əkin mövsümü ilə əlaqədar Ağcabədi, Bərdə, Sabirabad, Şəki, Göygöl, Quba, Şabran, Tovuz, Şəmkir, İsmayıllı, Oğuz, Lənkəran və Cəlilabad rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində bu günədək ümumilikdə 203 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb: “Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək və toxumlar səpiləcək”.
Xidmət rəsmisi onu da qeyd edib ki, hazırda aparılan torpaq hazırlığı işləri ilə yanaşı, Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində aqrotexniki qaydalara uyğun olaraq xidmət, suvarma işləri aparılır, tinglərə üzvi və mineral gübrələr verilir.
“Tinglik sahələrində yetişdirilən tinglərdən 1,5 milyonu payız əkin mövsümündə meşə-bərpa tədbirlərində istifadə olunacaq”, - deyə V.Fərzəliyev bildirib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb