×
A
A
A
Sazlamalar

Qanunsuz yolla kömür istehsal edilən quyular aşkarlanıb

Bakı, 21 avqust, AZƏRTAC
“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı rayonunun Ruşan, Qəbələ rayonunun Bum, Quba rayonunun Girdah kəndləri ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayon sakini Taleh Şirinov, Qəbələ rayon sakini Loğman Nəsirov, Quba rayon sakini Rizvan Məmmədov və Maqsud Nizamov olduğu müəyyən olunub. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən kömür istehsal edilən ocaqxanalara, kömür quyularına rast gəldikdə Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

Ekologiya 2023-08-21 15:34:00