×
A
A
A
Sazlamalar

Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan “Elitar Üzüklə” təltif olunub

Bakı, 21 avqust, AZƏRTAC

Zaur Cəfərov pauerliftinqin ən yüksək mükafatı olan “Elitar Üzüklə” təltif olunub.
AZƏRTAC xəbər verir ki, bu yüksək mükafatı ona Avropa və Asiya Pauerliftinq Federasiyasının prezidenti (WPC-WPO), (WPSO) Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbəri Yuri Ustinov (WPSO) Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Qran-Pri turnirində təqdim edib. “Elitar Üzük” göstərilən ən yüksək nəticəyə görə verilən mükafatdır. Zaur Cəfərov Azərbaycan pauerliftinq tarixində “Elitar Üzüklə” təltif olunan ilk mükafatçıdır.
Qeyd edək ki, avqustun 19-20-də Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinq üzrə Qran-Pri turniri keçirilib. İki gün davam edən turnirdə Qazaxıstan, Gürcüstan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə və digər ölkələrdən 300-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışda baş hakimlik edən Beynəlxalq dərəcəli hakim Zaur Cəfərov, həmçinin AWPC versiyası üzrə bench press hərəkətində 125 kiloqram çəki dərəcəsində ölkəmizi layiqincə təmsil edib. İdmançımız 280 kiloqram nəticə ilə turnirin qalibi olub.
Turnir çərçivəsində iyunun 21-25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş pauerliftinq üzrə Açıq Avropa çempionatında 6 dəfə Dünya və 6 dəfə Avropa rekordunu yeniləmiş idmançımız Zaur Cəfərova həmən yarışın rekord sertifikatları təqdim edilib.
Əməkdar idman ustası, Beynəlxalq dərəcəli hakim və idman ustası Zaur Cəfərov dopinq kontrol divizionunda iki dəfə “Elitar idmançı” tituluna layiq görülüb. O, dopinq kontrol divizionlarında dünya və Avropa rekordçusudur. Dünya kubokunun sahibi olan idmançı altı dəfə Dünya və Avropa çempionu, mütləq dünya və Avropa çempionu, 9 dəfə respublika çempionu, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçqat qalibi və iki dəfə mütləq çempionudur.

İdman 2023-08-21 13:11:00