×
A
A
A
Sazlamalar

Çiçəkləri ilə deyil, yarpaqları ilə tanınan bitki

Bakı, 21 avqust, AZƏRTAC
Asiya və Cənubi Amerika ərazisində rütubətli tropik meşələrdə rast gəlinən Macodes Petrola bitkisi çiçəkləri ilə deyil, möhtəşəm görünüşə malik məxməri yarpaqları ilə tanınır. “Qiymətli orxideya”nın məxməri və medalyonabənzər yarpaqları rəngbərəng damarlanmışdır. Üzərinə işıq düşəndə parıldayır, bərq vurur, xırda və rəngli çay daşlarını xatırladır.
AZƏRTAC xəbər verir ki, yarpaqların üzərindəki naxışlar bitkinin yaşam şəraiti və yaşından asılı olaraq dəyişir. Fırça çiçək qrupunda toplanmış ağ rəngli və xırda çiçəkləri olduqca gözəl ətrə malikdir.
Onun suvarılması üçün filtrdən keçirilmiş yüngül sudan istifadə olunmalıdır. Macodes rütubəti sevsə də, su çox veriləndə dibçəkdə yaranan durğunluq bitkinin kök və gövdəsinə həddindən artıq zərər verir və çürüməyə səbəb olur.
Yayda müsbət 18-30, qışda isə müsbət 18 dərəcədən az olmayan temperatur bitkinin inkişafı üçün əlverişlidir. Bitkinin saxlanıldığı yerdə gecə temperaturu günorta olandan 4 dərəcə az olmalıdır. Macodesi yay aylarında açıq havada - eyvanda və bağda saxlamaq olar, lakin bitkinin üzərinə günəş şüalarının birbaşa düşməməsi, yağış və küləyin qarşısını almaq üçün əlverişli yer seçilməlidir.
Macodes Petrola vegetativ yolla çoxalır. Bunun üçün üzərində ən az üç cücərtisi olan budaq iti kəsici alətlə kəsilir. Gövdəsində qalan zədə nahiyəsini dezinfeksiya etmək və qurutmaq üçün üzərinə aktiv kömür tozu səpilir. Kəsilmiş budaq horizontal vəziyyətdə nəm sfaqnum mamırının üzərinə qoyulur. Kökləndikdən sonra dibçəyə əkilir.

Ekologiya 2023-08-21 12:37:00