×
A
A
A
Sazlamalar

“YAŞAT” Fondu şəhid övladları üçün Türkiyədə düşərgə təşkil edib

Bakı, 21 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları”nın və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulda yay düşərgəsi keçiriləcək. Bununla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçılarının yolasalınması təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 30-dək davam edəcək düşərgədə şəhidlərimizin 16-18 yaş aralığında olan, ali məktəblərə qəbul imtahanında iştirak etmiş 15 nəfər oğul övladı iştirak edəcək.
Düşərgənin məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir.
Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Marmaracık Gənclik Kampı”nda keçiriləcək. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edəcəklər.
Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışların təşkili, seminarların keçirilməsi, ekskursiyalar və xüsusən tarixi Çanaqqalaya səfər nəzərdə tutulub.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə hazırda 10 nəfər şəhid övladı isə Almaniyanın Frankfurt şəhərində keçirilən yay məktəbində iştirak edir.
Tədbirin media dəstəyi ASAN Radiodur.

Ekologiya 2023-08-21 11:42:00