×
A
A
A
Sazlamalar

Cəmi dörd gün ömrü olan füsunkar lotos çiçəkləri

Bakı, 14 avqust, AZƏRTAC
Onun kökləri torpaqda olsa da, özü suda bitir, havada çiçək açır, günəşin şüaları ilə qidalanır. Əbəs yerə lotosu dünyanın ən gözəl çiçəklərindən biri hesab etmirlər. Bəzən nilufər, bəzən də su zanbağı adlandırılan lotos daha çox durğun sularda bitir.
AZƏRTAC xəbər verir ki, lotos dörd ünsürü özündə birləşdirən güldür. Çayın lillə örtülü dibindən qalxan köklər qaranlığın, uzun gövdə işığa, azadlığa uzanan qəlbin, çiçəkləri isə günəşə istiqamətlənən təmiz ruhun rəmzidir. Lotos çiçəklərinin beş fərqli rəngi, hər rəngin də öz mənası var. Ağ saflığı, çəhrayı maarifçiliyi, qırmızı sevgini, mavi elmi, bənövşəyi isə mənəviyyatı bildirir.
Ona ən çox qədim Misirdə Nil çayının hövzəsində və Hindistanda Qanq çayında rast gəlinirdi. Misirdə lotosu müqəddəs sayır və ona “Nil çayının nişanlısı” da deyirdilər. Qədim Yunanıstanda onun meyvələrindən mətbəxdə istifadə edilirdi. Həmin dövrlərdə ondan təsbeh, boyunbağı və digər bəzək əşyaları düzəldiblər. Ölçüsü 25 santimetrdən böyük olan çiçəklərin ömrü cəmi dörd gündür. Onun bəzi növləri gecə ay işığında açılır, daha sonra səbətşəkilli toxumları yaranır, suya üzü üstə düşən toxum səbəti üzür, içindəki toxumlar bir-bir suya tökülərək dibə batır və yeni lotos cücərməyə başlayır.
Lotos palçıqlı və su mühitində yetişir. Onun üç cür-sualtı, üzən və suüstü yarpaqları var. Sanki üstü parafinlə örtülü olan yarpaqlara toz, çirk və su yapışmır. Lotosun gözəlliyinin səbəbi bitkinin mikroliflərinin suya nisbətdə bucaq altında bitməsidir. Hər axşam çiçəyə qapanan lotos suyun altında gizlənir, səhərlər isə yenidən suyun səthinə qayıdır. Yarpaqları kimi çiçəkləri də həmişə quru qalır və heç vaxt islanmır. Onun bəzi növləri gecə ay işığında açılır, daha sonra səbətşəkilli toxumları yaranır. İçindəki toxumları bir-bir tökülərək suyun dibinə batır və yenidən cücərməyə başlayır.
Neftçala rayonun Xolqarabucaq kəndinin ərazisindən keçən Akuşa çayının sahilində suyun durğun yerində bitən şanagüllə lotosun bir növüdür. Ölkəmizdə yeganə olaraq yalnız burada bitən bitki maydan avqusta qədər çiçək açır. Onun toxumları və kökümsovu yeyilir, başağrısı zamanı toxumlarından ağrıkəsici kimi istifadə olunur. Dünyanın müxtəlif ölkələrində durğun su hövzələrində geniş yayılıb. Haqqında özü qədər gözəl əfsanələr dolaşan çiçəyin adı təəssüf ki, “Qırmızı kitab”a düşməyib. Lakin onun nəslinin kəsiləcəyi o qədər də real görünmür, çünki alimlər şanagüllərin min illik toxumlarını əkib və onların cücərdiyinin şahidi olublar.

Ekologiya 2023-08-14 12:51:00