×
A
A
A
Sazlamalar

Xəzər Günü Abşeron Milli Parkında maraqlı tədbirlərlə qeyd edilib

Bakı, 13 avqust, AZƏRTAC

12 Avqust - Xəzər Günü həm dənizsahili ərazilərdə təmizlik aksiyaları ilə, həm də Abşeron Milli Parkında keçirilən rəngarəng və maarifləndirici tədbirlərlə yaddaşlara həkk olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının istedadlı könüllülərinin, “Davam” Gənclər Hərəkatının, ictimaiyyət nümayəndələrinin, turistlərin, ekokönüllülərin iştirakı ilə milli parkda keçirilən tədbir canlı musiqilərlə, müxtəlif interaktiv və əyləncəli oyunlarla ziyarətçilərin marağını və diqqətini çəkib.
Qonaqlar skuter, kvadraçikl, velosiped sürərək əyləncəli vaxt keçirib, qum üzərində hazırlanmış oyunlarla rəqabətli yarış bacarıqlarını göstərib və “paratrike” ilə maraqlı anlar yaşayıblar.
Sonda iştirakçılar Xəzərlə bağlı hazırlanmış sual-cavabda iştirak edərək simvolik hədiyyələr qazanıblar.
Bu kimi tədbirlərin təşkilində məqsəd insanların asudə vaxtlarının təbiət qoynunda səmərəli keçirilməsinə şərait yaratmaq, ekoturizmi təbliğ etməklə yanaşı, Xəzərin mühafizəsində ictimaiyyətin rolunu artırmaq, dənizətrafı mühitə daha nümunəvi gənclərin yetişməsinə nail olmaqdır.

Ekologiya 2023-08-13 17:57:00