×
A
A
A
Sazlamalar

Kömürün hazırlanması, tədarükü, ətraf mühitə, insanların sağlamlığına mənfi təsir göstərən amildir

Bakı, 11 avqust, AZƏRTAC
Son dövrlərdə qanunsuz kömür tədarükü ilə bağlı məsələlər çox aktuallaşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Azərbaycanın müxtəlif regionlarında, kəndlərində keçirdiyi nəzarət tədbirləri zamanı təəssüf ki, qanunsuz kömür istehsal edilən quyular aşkarlanır. Ümumiyyətlə kömürün hazırlanması, tədarükü, ətraf mühitə, ətrafda yaşayan əhalinin sağlamlığına mənfi təsir göstərən amildir. Odur ki, belə halların qarşısının alınması məqsədilə cərimələrin tətbiqi kimi mexanizmlər də həyata keçirilir.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.
Şura sədrinin sözlərinə görə, ətraf mühitə ziyan vuran, qanunsuz fəaliyyətlərin qarşısının alınmasında təkcə cərimələr yetərli deyil. Burada çox vacib faktorlardan biri əhalinin maarifləndirilməsidir: “Əsasən də bu fəaliyyəti həyata keçirən insanların maarifləndirilməsi, onlarla profilaktik işin aparılması vacibdir. Burada da regionlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti fəallarını bu işə cəlb etmək çox effektiv nəticə verə bilər. Vətəndaşlarla söhbətlər aparıb, prosesin özlərinə, yaxınlarına, təbiətə vurduğu zərəri ətraflı izah etmək, onları kustar üsulla quyular qazmaqla kömür tədarükünü həyata keçirməkdən çəkindirmək lazımdır. Bu istiqamətdə də ictimai şura olaraq rayonlarda fəaliyyət həyata keçiririk. Düşünürəm ki, bütün qeyri-hökumət təşkilatları bu işə dəstək olsa, o zaman daha səmərəli nəticələrə şahid olacağıq”.
A.Məmmədov vətəndaşları özlərinin, doğmalarının sağlamlıqlarını düşünməyə, qanunsuz kömür istehsalı ilə məşğul olmamağa səsləyib.

Ekologiya 2023-08-11 18:28:00