×
A
A
A
Sazlamalar

Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli inşa olunub

Bakı, 9 avqust, AZƏRTAC

Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dəmir yollarından təhlükəsiz keçid üçün ADY tərəfindən bir sıra işlər görülüb. Abşeron dairəvi xətti üzrə110 kilometr yol daş və metal torlarla çəpərlənib, 119 kilometr uzunluğunda dəmir yolu xətləri əsaslı təmir olunub. Görülmüş işlər çərçivəsində həmçinin elektrik təchizatı, rabitə və işarəvermə sistemləri təmir olunub.
Həmçinin “Azərbaycan Dəmir Yolları” piyadalara Abşeron dairəvi dəmir yolu xətti üzrə “Zabrat-2” stansiyasında hərəkət edərkən yerüstü keçiddən istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində piyadaların qatar yoluna qəfil çıxması səbəbindən dəmir yollarında 7 hadisə baş verib. Hadisələr nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

 

Nəqliyyat 2023-08-09 17:04:00