Ekoloq: Ermənistanda yerləşən dağ-mədən sənayesinin fəaliyyəti böyük ekoloji fəsadlarla nəticələnir
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb.
Mövzunu AZƏRTAC-a şərh edən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov söyləyib ki, Ermənistan beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozur, onun dağ-mədən sənayesinin fəaliyyəti ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhran yaradıb.
“İstənilən metalın istehsalı zamanı çox sayda toksik tullantı əmələ gəlir. Tullantıların tərkibi sulfidlər, cürbəcür nitratlar, siyanidlər, arsen, civə və digər ağır metallardan ibarətdir. Həmin maddələr torpağa və suya qarışaraq insanların qida zəncirinə daxil olur. Bu proses müxtəlif xəstəliklərin yaranmasında və ya rastlaşma göstəricilərinin artmasında xüsusi rola malikdir. Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir”, - deyə R.Abbasov bildirib.
Onun sözlərinə görə, dağ-mədən sənayesinin təşkili zamanı ölkə ərazisində və ya yaxın sərhəd bölgələrdə çox ciddi nəzarət tədbirləri həyata keçirilməlidir. Ermənistan ərazisində yerləşən sənaye müəssisələri Azərbaycanla yaxın ərazidə yerləşir. Nəticədə isə çirkləndirici maddələr çaylar vasitəsilə ölkə ərazisinə gəlir. Uzun illərdir ki, Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da böyük ekoloji fəsadlarla nəticələnir. Məsələ ilə bağlı Oxçuçayın hazırkı vəziyyətini nümunə göstərmək olar.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb