×
A
A
A
Sazlamalar

Xəbərdarlıq: Bəzi rayonlarda havanın temperaturu 44 dərəcəyə yüksələcək

Bakı, 8 avqust, AZƏRTAC
Hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, əsasən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonunadək havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bölgələrdə 36-41°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44°-dək yüksələcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol-bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur”, - deyə G.Məmmədova qeyd edib.

Ekologiya 2023-08-08 14:39:00