×
A
A
A
Sazlamalar

Rəqəmsallaşma kənd təsərrüfatında məhsuldarlığın və səmərəliliyin artırılmasında mühüm rol oynayır - MÜSAHİBƏ

FAO Qarabağ bölgəsində “ağıllı kənd” konsepsiyasını sınaqdan keçirir

Bakı, 5 avqust, Laçın Sultanova, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı yeni nümayəndəsi Nasar Hayat FAO ilə Azərbaycan arasında mövcud əməkdaşlıq və gələcək planlarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Azərbaycana təyinatınızı necə qarşıladınız? Təyinata qədər ölkəmiz barədə kifayət qədər məlumatınız var idi?
- Peşəkar karyerama 1996-cı ildə Pakistan hökumətində dövlət qulluqçusu kimi başlamışam və bu illər ərzində 11 il əsasən Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişəm, o cümlədən dörd il Pakistanın Maldiv adaları üzrə Ali Komissarının müavini vəzifəsində işləmişəm. Son 18 il ərzində mən Pakistanda müxtəlif beynəlxalq inkişaf təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Asiya İnkişaf Bankının (AİB) fəaliyyətlərində yer almışam. 2013-cü ildə ilk öncə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Pakistandakı ofisində nümayəndə köməkçisi, sonra isə təşkilatın Laos Xalq Respublikasındakı ofisinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişəm.
İyulun əvvəlində Bakıya gələnə qədər mənim Azərbaycan haqqında məlumatım əsasən ölkənizin qonaqpərvərliyi və gözəlliyi ilə məhdudlaşırdı. Mən, həmçinin ölkə iqtisadiyyatı və kənd təsərrüfatı sektoru ilə bağlı çoxsaylı araşdırmalar aparmışdım. Bununla belə, heç bir hesabat səfərləri, burada kənd təsərrüfatı mütəxəssisləri ilə keçirdiyim görüşləri və fermerlərlə birbaşa ünsiyyət zamanı aparılan müzakirələri əvəz edə bilməz. Mən ölkənin müxtəlif bölgələrinə səfərləri və kənd yerlərində icmaları ziyarətləri səbirsizliklə gözləyirəm.
Azərbaycanda işlədiyim müddət hələ çox qısa olsa da, artıq müşahidə etmişəm ki, su qıtlığına və digər çətinliklərə baxmayaraq, ölkədə daha çox istehsal oluna bilən və xaricə satılma potensialı olan kifayət qədər meyvə və tərəvəz istehsal edilir.
- Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar barədə nə deyə bilərsiniz? Müasir innovasiyalardan istifadə və bütün bunların ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu barədə fikirləriniz maraqlı olardı?
- Azərbaycan iqtisadiyyatı son bir neçə onillikdə təqdirəlayiq inkişafa nail olub. Bununla belə, kənd təsərrüfatı sektoru qismən pandemiya və müharibə kimi sarsıntılar səbəbindən müxtəlif əngəllər ilə üzləşib. Kənd təsərrüfatı sektoru məhsuldarlığın və gəlirlərin daha da artması üçün böyük potensiala malikdir və Azərbaycan hökuməti kənd təsərrüfatı fəaliyyətinin genişləndirilməsini stimullaşdırmaq üçün geniş tərkibli fəaliyyət planı həyata keçirir.
Bu səylərə baxmayaraq, ölkədə kənd təsərrüfatı sahəsində məhsuldarlıq hələ də arzuolunan səviyyədə deyil. Bu, əsasən, parçalanmış təsərrüfat sahələri, təbii ehtiyatların deqradasiyası və müasir texnologiyalara və bazarlara çıxışın yetərincə olmaması ilə bağlıdır. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi hələ də müəyyən qədər ərzaq idxalına arxalanır.
Kənd təsərrüfatı sektorunun ölkə vətəndaşları üçün kifayət qədər ərzaq istehsal etməsini və kənd əhalisinə yetərincə gəlir gətirməsini təmin etmək üçün Azərbaycan kənd təsərrüfatı sektorunu XXI əsrə - aqro e-ticarət və ya rəqəmsal kənd təsərrüfatını, eləcə də rəqəmsal texnologiyanı bir çox sahələrdə fəal şəkildə tətbiq etməlidir. Bu halda kənd yerlərinin inkişafı, torpaqların konsolidasiyası yolu ilə torpaq sahələrinin artırılması, istehsal proseslərinin müasirləşdirilməsi və məhsulların beynəlxalq bazarlarda rəqabətə davamlı olması təmin edilə bilər.
FAO Azərbaycan hökumətinə kənd təsərrüfatı sektorunun inkişafı istiqamətində göstərdiyi səylərdə dəstəyini davam etdirir. Biz birlikdə prioritet olaraq texniki sahələrin inkişaf etdirilməsi, fermerlə daimi dəstəyin davam etdirilməsi, eləcə də icmalara və ümumilikdə bu sektora dəstəyin dayanıqlı olması üçün çalışırıq.
- Azərbaycan ilə FAO arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz? Əsas istiqamətlər hansılar olacaq? Yeni layihələr nəzərdə tutulubmu?
- Əhalinin demək olar ki, yarısı kənd yerlərində yaşadığı üçün həm ərzaq təhlükəsizliyinin, həm də məşğulluq mənbəyi kimi kənd təsərrüfatının inkişafı Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir. Olduqca əhəmiyyətli olan bu sahə, ölkə iqtisadiyyatını şaxələndirmək üçün kənd təsərrüfatını dörd prioritet sektordan biri kimi müəyyənləşdirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər dövlət rəsmiləri ilə ilkin görüşlərimdə biz ölkədəki ərzaq məhsullarının istehsalının artırılmasının vacibliyini müzakirə etmişik. Bütün bu müzakirələr yaxın gələcəkdə FAO-nun ölkədəki fəaliyyətində prioritet olacaq.
FAO-nun Azərbaycandakı fəaliyyət istiqamətlərinə artıq ölkənin bu strateji prioritetlərini dəstəkləyən bir sıra layihələr daxildir. Lakin biz həm kənd təsərrüfatı sektoruna, həm də kənd icmalarına dəstək göstərilməsini təmin etmək üçün daha innovativ yollar axtarmaqda davam edirik.
Hazırkı fəaliyyətlərimizə toxumçuluq, fındıqçılıq və qoyunçuluq sahələrində istehsalın yaxşılaşdırılması, kənd yerlərində məşğulluğun gücləndirilməsi və bazarlarda rəqabət qabiliyyətinin artırılması ilə bağlı layihələr daxildir. Biz, həmçinin torpaqların deqradasiyasının qarşısının alınması, meşələrin, zərərvericilərin və xəstəliklərin idarə olunmasını təkmilləşdirilməsi və su idarəçiliyinin inkişafı, həmçinin biomüxtəlifliyin qorunması üçün fəaliyyət həyata keçiririk.
FAO-nun dəstəyini genişləndirməyi planlaşdırdığımız sahələrdən biri də kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqidir. FAO-nun Baş direktoru Qu Donqyu ötən il Azərbaycana səfəri zamanı rəqəmsal kənd təsərrüfatının, eləcə də kənd yerlərinin rəqəmsal inkişafının təşviqi istiqamətində Azərbaycanın fəaliyyətini olduqca müsbət qiymətləndirib. Rəqəmsallaşma kənd təsərrüfatı məhsuldarlığını və xərclərin səmərəliliyini artırmağa, su və digər resursların israfını azaltmağa, iqlim dəyişikliyinə uyğunlaşmanı asanlaşdırmağa və bazar imkanlarını genişləndirməyə kömək edə bilər.
Mən bu yaxınlarda Laosda fəaliyyətim zamanı tərəvəz fermasına baş çəkdim, orada bütün istehsal prosesi rəqəmsal texnologiyalar vasitəsilə izlənilir və idarə olunurdu. Kompüter müəyyən bir gündə konkret tərəvəzə nə qədər su və gübrə lazım olduğunu hesablayır və onu avtomatik olaraq tədarük edirdi. Bu proses nəticəsində biz təxmin və qeyri-müəyyənliklərin aradan qaldırılmasında böyük addımlar atmış oluruq. Texnologiyalar bu resurslardan istifadə edərək israfı azaldır, tərəvəzlərin sağlam və dadlı yetişdirilməsini, alıcılara vaxtında çatdırılmasını təmin edir.
Hesab edirəm ki, analoji texnologiyalar Azərbaycanda da daha geniş tətbiq oluna bilər, ölkə nəinki daxili ehtiyaclar üçün kifayət qədər ərzaq istehsal edə, həm də beynəlxalq bazarlara daha geniş şəkildə çıxa və bununla da milyonlarla kənd sakini gəlir sahəsini artıra bilər.
- Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində FAO-nun iştirakını görürsünüzmü?
- Qarabağ və Şərqi Zəngəzur regionları həm böyük kənd təsərrüfatı potensialına, həm də ərazidə yüksək səviyyədə ərzaq təhlükəsizliyinə görə FAO-nun ölkədə prioritet rayonları sırasındadır. Azərbaycan hökumətinin ərazidə infrastrukturun və iqtisadi fəaliyyəti bərpa etmək səylərinə dəstək olaraq, FAO Qarabağ bölgəsində “ağıllı kənd” konsepsiyasını sınaqdan keçirir. Bu layihə region üçün milli prioritetlərə uyğun olaraq, bölgənin kənd təsərrüfatında ən yaxşı texnologiyaların və təcrübələrin istifadəsini təşviq edir.
FAO, həmçinin Qarabağ regionunda kənd təsərrüfatı məhsuldarlığının artımını və iqtisadi cəhətdən səmərəli kənd icmalarının inkişafını dəstəkləmək üçün səylərini genişləndirməkdə maraqlıdır.
- FAO-nun ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində layihələri varmı və bu sahədə əlavə hansı işlərin görülməsi planlaşdırılır?
- Kənd təsərrüfatı iqlim dəyişikliyindən və ətraf mühitin deqradasiyasından ən çox təsirlənən sektorlardan biridir. FAO bütün dünyada həyata keçirdiyi layihələr çərçivəsində bu məsələlərə böyük əhəmiyyət verir. Azərbaycanda su idarəçiliyini yaxşılaşdırmaq, torpaqların deqradasiyasını aradan qaldırmaq və ölkənin biomüxtəlifliyini qorumaq üçün texniki mütəxəssislər və kənd icmaları ilə birgə işləyirik. FAO bir çox fəaliyyətlərində kənd təsərrüfatı icmalarının dayanıqlılığına diqqət yetirməklə iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi məsələlərini həll edir. Buna misal olaraq, “ağıllı kənd” konsepsiyası tullantıları azaltmaq və resurslardan daha səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların və tətbiqlərin istifadəsini təşviq edir. Eyni qaydada toxum, fındıq istehsalının yaxşılaşdırılması və qoyunçuluğun inkişafına yönəlmiş səylər bu fəaliyyətlərin davamlı olmasına yönəldilib.
FAO, həmçinin Azərbaycanda meşələrin monitorinqi və bərpasında ən yaxşı regional təcrübələrin tətbiqinə dəstək göstərir. Buna əlavə, FAO-nun pestisidlə çirklənmiş ərazilərdən Dayanıqlı Üzvi Çirkləndiricilərin (POPs) ixrac olunmasını azaltmaq üçün pestisidlərin utilizasiyası (zərəsizləşdirilməsi) və idarə edilməsini təkmilləşdirməklə bağlı da fəaliyyətləri var.

İqtisadiyyat 2023-08-05 15:55:00