×
A
A
A
Sazlamalar

Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb - Faktiki hava

Bakı, 5 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 5-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, şimal və qərb rayonlarında intensiv və güclü olub. Avqustun 4-ü gün ərzində yağan yağıntı 5-i səhər saatlarından kəsilib.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Qaxda 80 (aylıq normanın 143 faizi), Zaqatalada 51 (aylıq normanın 69 faizi), Balakəndə 47 (aylıq normanın 64 faizi), Şəkidə 46 (aylıq normanın 82 faizi), Şəmkirdə 34 (aylıq normanın 128 faizi), Culfada 10 (aylıq normanın 172 faizi), Gədəbəy, Lerik, Göygöl, Gəncə, Tovuz, Ceyrançöl, Şahdağ, Mingəçevir, İmişli, Sabirabad, Biləsuvar, Astara, Naxçıvan, Salyan, Daşkəsən, Ağstafada 10 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
Avqustun 4-də şimal-qərb küləyi arabir saniyədə Naftalanda 28, Ağdamda 26, Göyçay, Tərtərdə 20, Beyləqan, Altıağac, Culfa, Naxçıvanda 18, Cocuq Mərcanlıda 16, Kəlvəz, Qaxda 15, Bakıda və Abşeron yarımadasında 25 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Avqustun 5-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək. Lakin 6-7-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

Ekologiya 2023-08-05 12:02:00