“Qırmızı Kitab”a daxil edilmiş bitki növlərinin bir hissəsinə Şuşada rast gəlinir
Şuşa, 4 avqust, Göyçək Mahmudlu, AZƏRTAC
Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə - Zəngilanla yanaşı, Şuşa şəhəri və ətraf ərazilərdə bioloji və radioekoloji monitorinqlər həyata keçirilib. İlk olaraq içməli su mənbələri, torpaq, canlı aləm tədqiq edilməyə başlanıb, ətraf mühitə dəyən ziyan qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, botaniklərin məlumatına görə, Azərbaycan florasında rast gəlinən bitkilərdən 15 fəsilə, 27 cins, 33 növ Şuşa və Şuşaətrafı rayonlardan, o cümlədən 10 fəsilə, 11 cins, 12 növ Şuşadan təsvir olunub. Həmin növlər arasında çox sayda dərman, qida, vitaminli, boya, yem və digər faydalı bitkilər var.
“Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının hər üç nəşrinə daxil edilmiş nadir və nəsli kəsilməkdə olan ali bitki növlərinin bir hissəsinə Şuşa və Şuşaətrafı ərazilərdə rast gəlinir. Bunlara Şuşa gəvəni, Şuşa xaşası, Xarıbülbül adı ilə məşhur olan Qaş səhləbi, itburnu cinslərinin bir sıra növləri və sair aiddir.
Şuşanın faunası da florası kimi zəngindir. Burada meşələrin və dağların mövcudluğu, təbii ehtiyatların çox olması quşlara və heyvanlara sığınacaq verir. Ərazinin cücülər faunası zəngindir. Azərbaycanda xiropterafaunanın iriölçülü növlərindən olan itiqulaq gecə şəbpərəsinin ən böyük üç koloniyasından biri Şuşadadır”, - deyə İ.Hüseynova qeyd edib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb