×
A
A
A
Sazlamalar

Duz mağarasında aparılan müalicə seanslarının faydası

Bakı, 3 avqust, AZƏRTAC
Təbiətin bəxş etdiyi gözəlliklərdən başqa onun verdiyi nemətlərdən müalicə üsulu kimi də bəhrələnilir. Onlardan ən təsirlisi duz terapiyasıdır. Həmin müalicə üsulu təkcə astma və bronxial xəstəliklər üçün deyil, həm də allergiya, stres və dəri xəstəliklərinə də müsbət təsir göstərir.
AZƏRTAC xəbər verir ki, xüsusi avadanlıq və rahat oturacaqlarla təchiz edilmiş həmin məkanda divarlar və döşəmə qalın duz qatından ibarət olur. Bu da öz növbəsində təmiz, mikrobsuz və hipoallergik mühit yaradır. Həmin müalicə üsulundan daha çox tənəffüs yolları və dəridə allergik xəstəliklər zamanı geniş istifadə olunur.
Burunda gedən iltihabi prosesdən, xroniki və allergik bronxit, xüsusən də bronxial astmadan əziyyət çəkənlər üçün duz terapiyasının çox böyük faydası var. Xüsusi aparat vasitəsilə gözə görünməyən duz dənələri otağa yayıldıqca zəngin mineral və kimyəvi elementlər orqanizmə müsbət təsir göstərir. Duzun tərkibində olan natrium və xlor ionları çox güclü bakterial təsir göstərir, tənəffüs yolunda olan allergenləri məhv edir.
Bir müalicə müddəti 15-20 seansdan ibarət olan duz terapiyası xəstəliyin dərəcəsi və profilaktikasından asılı olaraq dəyişir. Araşdırmalara görə, bu müalicə üsulunun əks təsiri yoxdur.

Sağlamlıq klubu 2023-08-03 15:35:00