×
A
A
A
Sazlamalar

Yuxu gətirən və şəfa verən mandraqoranın adama bənzəyən kökləri

Bakı, 1 avqust, AZƏRTAC

Orta Asiyada, Aralıq dənizi sahillərində və Himalay dağlarında yayılmış dərman mandraqorası qəribə kökləri olan zəhərli bitkidir. Xalq arasında onu adamotu, iblis alması, ifritə kökü və s. adlarla da adlandırır və mistik gücünə inanırdılar.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, ötən əsrlərdə bitki müxtəlif dərəcəli tənəffüs pozulmaları ilə müşayiət olunana bronxit və bronxial astma zamanı istifadə olunan yığıntıların tərkibinə daxil edilirdi. Spazmolitik və ağrıkəsici xüsusiyyətlərinə görə mədə-bağırsaq xəstəliklərinin müalicəsində, həmçinin yuxugətirici kimi tətbiq olunurdu. Onun köklərindən hazırlanan damcılar oftalmoloji əməliyyatlarda istifadə edilirdi.
Qədimdə bitki kökünün toplanması müxtəlif rituallardan, bəzən hətta qorxunc və tükürpədici ayinlərdən sonra aparılırdı. Hesab edilirdi ki, köklər çığırtı salmaq və onu toplayanı dəli etmək qabiliyyətinə malikdir. Ona görə də mandraqora qazanlar özlərini bədbəxt hadisələrdən sığortalamaq üçün bitkinin ətrafına soyuq dəmirlə mistik işarələr çəkir, sonra onun gövdəsinə qara it bağlayır və itə uzaqdan yemək göstərərək çağırardılar. İt yeməyə tərəf qaçanda kökü çıxarar və həmin vaxt dəli olmamaq üçün qulaqlarını bağlayardılar. Müasir dövrdə mandraqora köklərinin tədarükü ayinsiz aparılır. Dərman istehsalı üçün onu avqustdan sentyabrın axırlarına qədər əllə toplayırlar.
Zəhərli olmasına baxmayaraq, dərman mandraqorası xalq təbabətində tətbiq olunur. Məsələn, kökünün təzə sıxılmış şirəsi revmatizm və podaqra zamanı ağrıkəsici vasitə kimi istifadə olunur. Sürtgəcdən keçirilmiş süd və balla qarışdırılmış mandraqora kökü isə şiş, ödem və bərkimiş vəzlərin üzərinə qoyulanda şişin sorulmasını sürətləndirir. Qurudulmuş şəkildə istifadə edilməsi əzələ, sinir və oynaq ağrılarında, mədə-bağırsaq xəstəliklərində antispazmatik və ağrıkəsici təsir göstərir. Mandraqora köklərinin spirtli cövhərindən ağrıkəsici, həmçinin yuxugətirici kimi istifadə olunur. Dəniz xəstəliyi və dərinin disxromiyasının müalicəsində də yaxşı səmərə verir.
Dəri və oynaq xəstəliklərində çox zaman piy və yaxud da vazelinlə qarışdırılmış mandraqora yağından təpitmə şəklində istifadə edilir.

Sağlamlıq klubu 2023-08-01 16:02:00