×
A
A
A
Sazlamalar

Son 21 il ərzində avqust ayında paytaxtda qeydə alınan ən yuxarı və aşağı temperatur

Bakı, 1 avqust, AZƏRTAC
Avqust ayı ölkəmizdə adətən ən isti keçən ay olur. Çoxillik meteoroloji müşahidələrə görə, havanın maksimal temperaturu Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 44° (Culfa-Ordubadda 46°), dağətəyi rayonlarda 43°, dağlıq rayonlarda 37° isti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb. Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən iyunda yalnız bir gün Aran rayonlarında temperatur 37°-dək yüksəlib. Paytaxtda isə ən yüksək temperatur 35°-ni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40° temperatur olub, aran rayonlarında isə 42°-dək yüksəlib: “Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər müşahidə edilib. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6° olub. Üç ildən sonra isə avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqayisədə 27° aşağı olub və Bakıda cəmi 16° isti qeydə alınıb.
Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il də daxil olmaqla 17 il iqlim normasından 3.9°-dək yüksək, 3 il normadan 1.6°-dək aşağı olub. Yalnız 2013-cü ildə iqlim norması daxilində qeydə alınıb”.
N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir. Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35°-ni aşmayacaq: “Ümumiyyətlə ay ərzində havanın temperaturunun iqlim normasına yaxın, ayın ortalarında isə normadan yüksək olacağı proqnozlaşdırılır. Adətən avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı az olur, 2 gündən 7 günə kimi paylanır. Buna baxmayaraq, son 21 il ərzində ən çox yağıntı 2011-ci ildə qeydə alınıb. Ay ərzində Bakıda 26 millimetr yağıntı düşüb ki, bu da iqlim normasından 4 dəfə çox olub”.
Xidmət rəisinin sözlərinə görə, bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 metr/saniyəyədək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda saniyədə 40 metrə çatıb: “Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz”.

Ekologiya 2023-08-01 15:27:00