ADA Universiteti Fondu Ekoloji tərəfdaş adına layiq görülüb
Bakı, 27 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola” şirkəti və “Eco-Hub” ekoloji platformasının birgə əməkdaşlığı ilə təşkil olunan “Tullantısız Azərbaycan uğrunda” adlı tədbirdə ADA Universiteti Fondu (Azərbaycan) Ekoloji tərəfdaş adına layiq görülüb. Mükafat ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyevə təqdim edilib.
Bu barədə AZƏRTAC-a ADA-dan məlumat verilib.
Natiq Hacıyev mükafatlandırma mərasimində bildirib ki, bu layihə çərçivəsində indiyədək 64 ton plastik tullantı toplanılıb və Bakı və Qazaxda plastik butulkalar üçün nəzərdə tutulmuş 311 ədəd xüsusi zibil qutu yerləşdirilib. “Cəmiyyəti ətraf mühitə həssas yanaşmağa həvəsləndirmək və təbiəti qorumağın önəmini təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirməyə davam edəcəyik,”- deyə o əlavə edib.
ADA Universiteti Fondu fəaliyyətə başladığı gündən ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərdə fəal iştirak edərək, ekoloji maarifləndirməyə əhəmiyyətli təsir göstərir, təkrar emal ənənəsinin inkişaf etdirilməsinə dəstək verir. Belə ki, 2014-cü ildən etibarən ağacəkmə kampaniyasının həyata keçirilməsində ön sıralarda olan Fond “Coca-Cola” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 2019-cu ildən “Təmiz ölkəm” layihəsini icra edir. Layihə müddətində paytaxtın ən sıx nöqtələrində, yaşayış ərazilərində, o cümlədən Qazax rayonunda plastik butulkalar üçün nəzərdə tutulmuş xüsusi zibil qutuları yerləşdirilib. Bu təşəbbüsün əsas məqsədi ictimaiyyəti plastik təkrar emal haqqında maarifləndirmək, təkrar emal üçün plastik şüşələri toplamaq və çeşidləmək və bütün ölkədə təkrar emal təcrübəsini təşviq etməkdir.
ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva bildirib ki, “Coca-Cola” ilə bu istiqamətdə layihələr davam edəcək və yaxın tarixdə su ehtiyatlarının effektiv idarə edilməsi ilə bağlı yeni birgə layihəyə başlanılacaq.
Qeyd edək ki, ADA Universiteti Fondu həm də “Tullantısız dünya” proqramının iştirakçısıdır. Bu proqram 2025-ci ilə qədər “Coca-Cola” məhsullarında istifadə olunan qablaşdırmanı 100 faiz təkrar emal edilə bilən hala gətirməyi hədəfləyir. Bundan başqa, ADA Universiteti Fondu 8 şəhər və rayonu əhatə edən “Xəzəri qoruyaq” Beynəlxalq Sahilyanı Təmizlik kampaniyasında da aktivliyi ilə seçilir. Xatırladaq ki, 10 gün davam edən kampaniya çərçivəsində ötən ilin sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb