×
A
A
A
Sazlamalar

BMT-nin Baş katibi: Qlobal istiləşmə dövrü bitib, indi “qlobal qaynama” dövrü başlayır

Bakı, 27 iyul, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı iqlim dəyişikliyi ilə bağlı dərhal radikal tədbirlər görülməsini təklif edərək bildirib ki, rekord qıran iyul temperaturları Yer kürəsinin istiləşmə mərhələsindən “qlobal qaynama dövrünə” keçdiyini göstərir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Nyu-Yorkda çıxış edən Baş katib Şimal yarımkürəsində şiddətli istiləri “amansız yay mövsümü” adlandırıb. O deyib: "Bu, bütün planet üçün fəlakətdir. İqlim dəyişikliyi dəhşətlidir və bu, yalnız başlanğıcdır. Qlobal istiləşmə dövrü başa çatdı, artıq “qlobal qaynama dövrü” gəlib çatıb”.
Baş katib qeyd edib ki, iqlim dəyişikliyinin ifrat təsirləri elm adamlarının proqnozları və xəbərdarlıqlarına uyğun gəlir, yeganə sürpriz isə onun sürətidir. O, "faciəli" nəticələr qarşısında qazıntı yanacaq sektorunu bir daha hədəfə alaraq, sürətli və genişmiqyaslı hərəkətə çağırışını təkrarlayıb: “Artıq bir çox yerlərdə nəfəs almaq mümkün deyil. Dözülməz isti var. Qazıntı yanacağı gəlirlərinin səviyyəsi və iqlim fəaliyyətsizliyinin qeyri-mütənasib olması qəbuledilməzdir”.
BMT-nin rəhbəri vurğulayıb: "Bu prosesə liderlər rəhbərlik etməlidir. Daha tərəddüd etmək olmaz. Artıq bəhanə də yersizdir və başqalarının birinci hərəkət etməsini gözləmək lazım deyil”.
A.Quterreş sentyabrda ev sahibliyi edəcəyi İqlim Ambisiya Sammitindən əvvəl inkişaf etmiş ölkələri 2040-cı ilə qədər, inkişaf etməkdə olan iqtisadiyyatları isə 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyinə əməl etməyə çağırıb. O xəbərdar edib: “Bəşəriyyətin yaratdığı “məhv prosesi” “ümidsizliyə deyil, hərəkətə səbəb olmalıdır. İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq üçün yandıran isti ili yanan ambisiyaya çevirməlidir”.

Ekologiya 2023-07-27 18:57:00