×
A
A
A
Sazlamalar

COP28 və BMT-nin Konvensiyasının rəhbərləri G20 ölkələrinə müraciət ediblər

Bakı, 27 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri, COP28 iqlim sammitinin prezidenti Sultan bin Əhməd Əl Cabir və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı Katibi Saymon Stiell G20 ölkələrini iqlim dəyişikliyinin yumşaldılması və uyğunlaşması məsələsində daha böyük lider rolu oynamağa çağırıblar.
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, COP28 iqlim sammitinə 125 gün qalmış liderlər Çennayda keçirilən “Böyük iyirmilik” ölkələri nazirlərinin iclası çərçivəsində birgə bəyanat yayaraq, G20 dövlətlərini bu ilki sammitdə daha mükəmməl yol xəritəsi qəbul etməyə çağırıblar.
Liderlərin bəyanatında qeyd edilib: “Elm COP28-də tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olan güclü iqlim yumşaldılması tələb edir və biz G20-ni həm elm, həm də ədalət əsasında dünyaya yol göstərməyə çağırırıq. İnkişaf etməkdə olan ölkələrə ədalətli keçidi həyata keçirmək üçün zəmin yaradan düşünülmüş və etibarlı siyasət olmalıdır. Biz birlikdə bu əsrin ortalarına qədər azalmayan qazıntı yanacaqlardan daha təmiz enerji sisteminə sahib olmaq, eyni zamanda, hamı üçün əlçatanlığı təmin etmək və dayanıqlılığın təşviqi istiqamətində real addımlar atmalıyıq”.
G20 ölkələrinin enerji nazirlərinin iclasında müzakirələr əsnasında hazırkı tədbirlərin Paris Sazişi hədəflərinə uyğunlaşdırılması nəzərdən keçirilsə də, qlobal enerji sistemlərinin transformasiyası, bərpa olunan və təmiz enerji mənbələrinin genişləndirilməsi, qazıntı yanacaqların məsuliyyətli şəkildə azaldılması istiqamətində kifayət qədər aydın təkliflər verilməyib. Bu kontekstdə bəyanatda vurğulanıb: “Ümid edirik ki, G20 ölkələri tərəfindən əldə edilən hər hansı irəliləyiş Qlobal Birja çərçivəsində qətiyyətli və real nəticə verəcək. Bu keçidin ədalətli olması, heç kəsi geridə qoymaması və genişmiqyaslı əməkdaşlığı dəstəkləməsi üçün COP27-də yaradılmış Ədalətli Keçid Proqramından faydalanmaq lazımdır”.
Liderlər, həmçinin G20 ölkələrini Uyğunlaşma üzrə Qlobal Məqsədin (GGA) əhəmiyyətini artırmağa və iqlim dəyişikliyində insan amilinin mərkəzdə olmasını təmin etmək üçün zərər fondunu və maliyyələşdirmə tədbirlərini “bərabər səviyyəyə çatdırmağa” çağırıblar. Onlar əlavə ediblər ki, yeni iqlim şəraitinə adaptasiya maliyyəsi təcili olaraq iki dəfə artırılmalıdır.
Bütün bu tədbirlərin 5 ildən sonra deyil, təcili həyata keçirilməsinin zəruriliyini vurğulayan liderlər bildiriblər ki, G20 çərçivəsində iqlim maliyyəsi fondu təsis edilməlidir. “Biz aydın şəkildə dərk etməliyik ki, iqlim böhranı ilə mübarizə və yeni inkişaf dövrünü başlatmaq üçün siyasi iradə öz əlimizdədir. Dünyanın birləşmək və hərəkətə keçmək üçün liderliyə ehtiyacı var və bu, G20-dən başlamalıdır”, - deyə bəyanatda vurğulanıb.

 

Ekologiya 2023-07-27 18:31:00