×
A
A
A
Sazlamalar

Bu gündən 139 nömrəli marşrut xətti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətindədir

Bakı, 24 iyul, AZƏRTAC

Artıq bu gündən 139 nömrəli müntəzəm marşrut xətti üzrə (“Savalan” yaşayış massivi-“Koroğlu” NMM) müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda bildirilib.
Avtobuslarda ödəniş nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçirilir.
Həmçinin məlumatda qeyd olunub ki, sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir. Ötən həftə Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb. Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 139 nömrəli müntəzəm marşrut xətti üzrə (“Savalan” yaşayış massivi –“Koroğlu” NMM) keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib gəlib.
Qeyd edək ki, bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12 mindən çox sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Nəqliyyat 2023-07-24 12:26:00