×
A
A
A
Sazlamalar

ÜMT: Avropa istiləşdikcə, sağlamlıq riskləri artır

Bakı, 19 iyul, AZƏRTAC

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) xəbərdarlıq edib ki, Yerin şimal yarımkürəsini bürüyən isti hava dalğası ilə bağlı sağlamlıq riskləri hələ də aktualdır. Təşkilat vurğulayır ki, isti hava dalğaları ən ölümcül təbiət hadisələri sırasında yer alır. AZƏRTAC BMT-nin Xəbərlər saytına istinadla xəbər verir ki, ÜMT-nin baş müşaviri Con Neyrn, öz növbəsində, ekstremal temperaturların tezliyi, müddəti və intensivliyi ilə bağlı xəbərdarlıq edib. O deyib: "Gecə temperaturlarında oynamalar insan sağlamlığı üçün xüsusilə təhlükəlidir, çünki bədən uzun müddət davam edən həddindən artıq istiləşmədən tez bərpa oluna bilmir. Bu, infarktların sayının və ölüm nisbətinin artmasına səbəb olur."
ÜMT-nin son hesabatına görə, Avropa ölkələrinin erkən xəbərdarlıq tədbirlərinə baxmayaraq, keçən yay bu qitədə ifrat dərəcədə istilər 60 min insanın ölümünə səbəb olub. Təşkilat, həmçinin Asiya, Şimali Afrika və Birləşmiş Ştatlarda isti havalardan ölüm riskinin artacağı barədə xəbərdarlıq edib.
Təşkilat bəyan edib ki, şəhər infrastrukturlarının uzun müddət yüksək temperatura uyğunlaşması, eləcə də həssas əhali qruplarının ifrat dərəcədə istilərlə bağlı risklər barədə məlumatlılığının artırılmasına təcili ehtiyac var. Con Neyrn deyib: “Anomal istilər sürətli urbanizasiya, artan temperatur fonunda ekstremal hava şəraiti və əhalinin qocalması səbəbindən sağlamlıq üçün daha çox təhlükə yaradır”.
ÜMT-nin məlumatına görə, bu il geniş və intensiv istilik dalğaları həyəcanvericidir, lakin onların müddəti proqnozlara uyğun olduğu üçün sürpriz deyil. Con Neyrnin sözlərinə görə, indiki temperatur sıçrayışları süni iqlim dəyişikliyi nəticəsində yarandığı üçün normal hava hadisəsi sayıla bilməz. Eyni zamanda, Şimal qütbündəki buzlar sürətlə əriyir və bu tendensiyanı gücləndirir.
Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının səhiyyə üzrə fövqəladə hallar qrupunun rəhbəri Panu Saaristo ifrat isti dalğaları “görünməyən fövqəladə hallar” adlandırıb. O vurğulayıb ki, belə dövrlərdə səhhəti ilə bağlı həssas vəziyyətdə olan insanlara diqqət yetirmək, eyni zamanda, sosial-iqtisadi şəraiti və həyat keyfiyyətini nəzərə almaq vacibdir, çünki bu amillər əlavə risklər yaradır. Onun sözlərinə görə, hazırda Avropa şəhərlərində ən çox aşağı gəlirli bölgələr zərər çəkir. Ekspert qeyd edib ki, isti hava dalğaları iqtisadi məhsuldarlığı azaldır, səhiyyə sistemlərində gərginliyi artırır və elektrik enerjisinin kəsilməsinə səbəb olur.
ÜMT vurğulayır ki, dünyada getdikcə daha intensiv və ifrat isti hava dalğası labüddür və şəhərləri, evləri, iş yerlərini yüksək temperaturun uzun müddət qalmasına uyğunlaşdırmaqla buna hazırlaşmaq lazımdır.

Ekologiya 2023-07-19 12:41:00