×
A
A
A
Sazlamalar

Sabah bəzi yerlərdə intensiv yağış yağacaq

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 26-30° isti olacaq.
Atmosfer təzyiqi 758 millimetr civə sütununu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-28° isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı bildirilir.

 

 

Ekologiya 2023-07-15 12:58:00