ÜMT: Ekstremal hava şəraiti ilə bağlı daha təcili tədbirlər görülməlidir
Bakı, 15 iyul, AZƏRTAC
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) cümə günü bildirib ki, qızmar temperatur Şimal yarımkürəsinin böyük hissəsini bürüyür, aramsız yağışların səbəb olduğu dağıdıcı daşqınlar isə insanların həyat ritmini pozur və dolanışıq vasitələrini məhv edir. Bütün bunlar iqlimlə bağlı daha çox tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu göstərir.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, ÜMT-nin məlumatına görə, iyunda rekord səviyyədə ən isti qlobal orta temperatur qeydə alınıb və istilik dalğaları iyulun əvvəlinə qədər davam edib. ABŞ, Yaponiya, Çin və Hindistanda leysan yağışları və daşqınlar onlarla insanın ölümü ilə nəticələnib, milyonlarla təsərrüfata və infrastruktur obyektlərinə ziyan vurub.
ÜMT-nin Baş katibi Petteri Taalas bildirib ki, “ekstremal hava şəraiti bizim istiləşən iqlimimizdə getdikcə daha tez-tez baş verir və insan sağlamlığına, ekosistemlərə, iqtisadiyyatlara, kənd təsərrüfatına, enerjiyə və su təchizatına böyük təsir göstərir”. O qeyd edib ki, bəşəriyyət bu kataklizmlərə uyğunlaşa bilmir və iqlim şəraiti yeni normal halına gələnə qədər insanların ona adaptasiya olmasına kömək etmək üçün səylər artırılmalıdır.
Təşkilat, həmçinin vurğulayıb ki, inkişaf etmiş ölkələr xəbərdarlıq və daşqınların idarə edilməsi kimi hazırlıq səviyyəsini artırsa da, aşağı gəlirli dövlətlər bu sahədə həssas olaraq qalır. ÜMT-nin hidrologiya, su və kriosfer üzrə direktoru Stefan Uhlenbruk bildirib: "Planet istiləşdikcə, gözləntimiz ondan ibarətdir ki, biz getdikcə daha intensiv yağış hadisələri görəcəyik və bu da daha güclü daşqınlara səbəb olacaq. Yaponiya kimi inkişaf etmiş ölkələr son dərəcə ayıqdır və daşqınla mübarizə tədbirlərinə də çox yaxşı hazırlaşırlar. Lakin bir çox aşağı gəlirli ölkələrdə heç bir xəbərdarlıq, daşqından müdafiə strukturu və inteqrasiya olunmuş daşqın idarəsi yoxdur. ÜMT bu vəziyyəti yaxşılaşdırmaq öhdəliyinə sadiqdir”.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb