×
A
A
A
Sazlamalar

Ekologiya və təbii sərvətlər naziri Füzuli rayonunda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 14 iyul, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 14-də Füzuli rayonunun Horadiz şəhərində yerləşən Muğam Mərkəzində vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Muxtar Babayev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Ekologiya 2023-07-14 21:24:00