×
A
A
A
Sazlamalar

“Baku Steel Company”dən atmosfer havasına atılan tullantılar normadan artıqdır

Bakı, 13 iyul, AZƏRTAC

Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəsmisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün “Baku Steel Company” QSC-yə müraciət edilsə də, müvafiq şərait yaradılmayıb. Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib.
Xidmət rəsmisi bildirib ki, faktla bağlı akt tərtib olunub və “Baku Steel Company” QSC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Ekologiya 2023-07-13 19:41:00