×
A
A
A
Sazlamalar

Ermənistanın davranışları BMT-nin qərarlarına məhəl qoymadığının göstəricisidir

Bakı, 13 iyul, AZƏRTAC

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Ölkə başçısı həmin müşavirədə aktual ekoloji problemlərə də toxundu. Dövlətimizin başçısının vurğuladığı kimi Ermənistan həm öz ərazisindəki müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda onun işğalı altında olmuş Qarabağ və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub.
Qeyd etmək istərdim ki, bu gün Ermənistan nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün ciddi ekoloji təhdid mənbəyidir. Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə vurduğu ziyan Azərbaycanla yanaşı, hətta Ermənistanın özünün yerli vətəndaş cəmiyyətini, dünya ictimaiyyətini narahat etməkdədir. Bununla bağlı dünyada ətraf mühitin mühafizəsi ilə məşğul olan nüfuzlu qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar etiraz səslərini qaldırmağa başlayıblar. Azərbaycanın yerli QHT-ləri də Arazdəyəndə inşa olunan iri metallurgiya zavodu ilə bağlı bəyanat verdi. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyana həmin ölkənin dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın dayandırılması ilə bağlı açıq məktub ünvanladıq. Həmin məktubda 12 bənd üzrə dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərəri göstərdik və həmin obyektlərin tezliklə fəaliyyətini dayandırmasını ondan tələb etdik. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərmizdə ekoloji sistemə, ətraf mühitə çox ciddi ziyan dəyib. Ölkə başçısının da dediyi kimi Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonalarına çevrilməyə çox yaxın idi.
Bunu AZƏRTAC-a müsahibəsində “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.
Onun bildirdiyinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçaya axıdılıb və həmin çay ciddi ekoloji təhdid qarşısında qalıb: "Oxçuçayın bioloji müxtəlifliyi, canlılar aləmi məhv olub. Həmin çay Araz çayına tökülür və onu da çirkləndirir. Nəzərə alsaq ki, Araz çayı bölgədə suvarma suyu kimi istifadə olunur, bu, Azərbaycanın təsərrüfatına ciddi ziyan deməkdir. Ümumiyyətlə, Ermənistanın bu özbaşınalığı, dağ-mədən sənayesində heç bir ekoloji standartları, qayda qanunları, gözləmədən göstərdiyi fəaliyyəti təkcə Azərbaycan və Ermənistan üçün deyil, bölgə üçün ciddi ekoloji təhdiddir.
İş burasındadır ki, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə vurduğu ziyan artıq onun ölkəsindəki vətəndaş cəmiyyətini narahat edir və onlar bununla bağlı ciddi həyəcan siqnalı verirlər. Biz də qeyri-hökumət təşkilatları olaraq onları anladığımızı və həmrəy olduğumuzu məktubda da bildirmişik. Azərbaycanla sərhəddə - Arazdəyəndə Ermənistanın tikdiyi metallurgiya zavoduna gəldikdə bu, 1991-ci ildə qəbul edilmiş Espo Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. Belə ki, bu məsələdə yenə Ermənistan destruktiv siyasət aparır və istədiyi kimi fəaliyyət göstərir. Konvensiyanın müddəalarına görə, transsərhəd zonasında hər hansı bir sənaye obyekti tikilərkən onun ətraf mühitə təsiri qiymətləndirilməli, həmin transsərhəd ölkə ilə müzakirə edilməli və razılaşdırılmalıdır. Ermənistan yenə özünün dəst-xəttinə uyğun olaraq Espo Konvensiyasının müddəalarını, Azərbaycanın qeyri-hökumət təşkilatlarının, dünyanın mütərəqqi təşkilatlarının etirazını nəzərə almadan fəaliyyətini davam etdirir. Ermənistanın davranışları BMT-nin qərarlarına məhəl qoymadığının göstəricisidir.
Ermənistanın bu siyasəti Qafqaz üçün, dünya üçün heç də yenilik deyil. Biz Paşinyana müraciətimizdə də Ermənistanın destruktiv fəaliyyətini dayandırmağı ciddi şəkildə tələb etmişik. Güman edirik ki, Paşinyan ətraf mühitlə bağlı siyasətində ciddi dəyişiklik edəcək".
Təşkilat sədri bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl yatağının istismarı zamanı ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı sənəd hazırlamalı və həmin sənədlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ciddi nəzarət etməli idi. Ümumiyyətlə, ətraf mühitə təsiri ola biləcək hər hansı bir obyektin tikintisi zamanı proseslər nazirliyin ciddi nəzarətində saxlanılmalıdır. Ətraf mühitə təsirlər dəyərləndirilməli, ictimaiyyətlə yerli əhali ilə müzakirə olunmalıdır.
"Söyüdlü kəndinin əhalisinin hansısa təxribatçının fitnəsinə gedərək qanunsuz hərəkətlərini bəyənmirəm. Düşünürük ki, Azərbaycanda bu gün xaos, özbaşınalıq yoxdur. Ölkə qanunlarla idarə olunur. Polisə qarşı qanunazidd hərəkət qəbuledilməzdir. Azərbaycana sərmayə qoyan xarici şirkətlər isə mütləq şəkildə qanunlara ciddi riayət etməli, bütün işlər ciddi şəkildə təhlil olunmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmalıdır. Nazirlik ölkə başçısına məruzə etməli və ictimaiyyət bununla bağlı məlumatlandırılmalıdır", - deyə Q.Yusubova qeyd edib.

Ekologiya 2023-07-13 16:33:00