×
A
A
A
Sazlamalar

Ekspert: Qızıl çıxaranlar bu torpağın qızıl kimi havasının da qayğısına qalmalı idi

Bakı, 13 iyul, AZƏRTAC

Üstündə dünyaya göz açdığın torpaq hər kəs üçün cənnət misalındadır. Dünyanın ən yaraşıqlı şəhərləri, gözəl təbiətli guşələri, turizm mərkəzləri, kurort və sanatoriyaları onun yerini vermir. Hara gedirsən get, hara üz tutursan tut - doğma yerlər maqnit kimi səni özünə çəkir və hər yeri öz doğma kəndinlə müqayisə edirsən. Bu qədər doğma, əziz məkana necə qıymaq olar?
2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində yaranmış ekoloji vəziyyət barədə böyük narahatlıq hissi ilə bəhs edib. Xüsusilə dağ-mədən sənayesi ilə məşğul olan şirkətin ünvanına səsləndirdiyi fikirlər bütün həqiqət çılpaqlığı ilə səslənib: “... xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma, bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun”.
Bu barədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli AZƏRTAC-a müsahibəsində deyib. Müsahibimiz mövzuya davam edərək deyib: “Torpağın təkindən qızıl çıxaranlar bu yerlərin qızıl kimi havasının, suyunun da qayğısına qalmalı idi. Məşhur bir atalar sözü var: “Saman sənin deyil, samanlıq ki, sənindir”. Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl yatağını istismar edənlərin təbiətə, ətraf mühit və ekologiyaya vurduğu bu zərərə nə ad verəsən? Müşavirədə deyildiyi kimi, əslində bu məsələdə dövlət qurumları da məsələyə müdaxilə etmək, qanunazidd əməllərin qarşısını almaq əvəzinə gözləmə mövqeyi tutublar. Bölgədə ekoloji çirklənmə və mədənlərin qanunsuz və standartlara uyğun olmayan şəkildə istismarı seyrçi mövqedən izlənilməməli idi. Mədənə investisiya qoyan istismarçı xarici şirkət təəssüf ki, qayda-qanunlara məhəl qoymayıb. Onların sərmayə yatırıb pul qazanmaq istəkləri aydındır, amma axı Azərbaycanın ətraf mühitinin qorunmasını da unutmaq olmaz. Mədənlər barbarcasına istismar edilməməli, insanlar dövlət qurumlarından narazı hala gətirilməməlidir. İstehsal müəssislərinin tikilməsi normal olsa da, qanunlara, konsepsiyalara uyğun şəkildə aparılmalıdır. Mədənin istismarı yerli sakinlərin fərdi təsərrüfatına zərər vurmamalıdır. Ancaq orada kimlərsə bilərəkdən narazı vətəndaşları hüquq mühafizə orqanları ilə üz-üzə qoymağa çalışırdı. Etiraz etmək vətəndaşın haqqıdır, amma bunun da qanuni yolları var. Polis nəfərlərini daşlamaq heç bir halda alqışlanası hərəkət deyildi. Ölkəni ötən əsrin 90-cı illərinin xaos dövrünə daşımaq cəhdləri pislənılməlidir. Dövlət qurumlarına, asayiş keşikçilərinə qarşı hər hansı çağırış, neqativ hərəkət yolverilməzdir. Bir sıra Avropa və Qərb ölkələrində keçirilən aksiyalarda hüquq-mühafizə orqanlarına qarşı hər hansı neqativ hərəkətlər sərt şəkildə cavablandırılır. Bu günlərdə Fransanın paytaxtı Parisdə baş vermiş iğtişaşlar zamanı polisin aksiya iştirakçılarına qarşı qəddar hərəkətlərini müşahidə etdik. Çox şükür ki, bizdə bu cür hallar yoxdur. Xalqın dövlətə inamı, güvəni böyükdür. Bəzən bir neçə fitnəkarın təsirinə düşüb qanunsuz hərəkətlər edənlər olur, lakin indi emosiyalarla hərəkət etmək zamanı deyil. İstənilən halda vəziyyəti bu həddə gətirib çıxaran qurumlar yaranmış durumla bağlı hesabat verməlidir. Müşavirədə deyildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələnin bu həddə çatmasında məsuliyyət daşıyır. Yol verilmiş səhlənkarlıq, nəzarətsizlik bu durumu oraya çıxarıb. Ümid etməyə dəyər ki, dövlət başçısının məsələyə vaxtında müdaxiləsindən sonra əlaqədar qurumlar baş vermiş hadisəni ciddi araşdıracaq, günahkarlar haqlı cəzasını alacaqlar”.

Ekologiya 2023-07-13 11:36:00