×
A
A
A
Sazlamalar

Mərkəzi Nəbatat Bağında müxtəlif növ yeni ağaclar əkiləcək, müasir dizaynlı guşələr yaradılacaq

Bakı, 12 iyul, AZƏRTAC

Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb. Vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olarkən bildirilib.
Diqqətə çatdırılıb ki, hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir. Layihəyə əsasən bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Nəbatat Bağında 2500-dən çox ağac, kol, ot bitkiləri və sair var. Bağda 130-a yaxın nadir bitki növü qorunur.

Ekologiya 2023-07-12 16:30:00